Baş redaktor: “Hər seçkidə “reket” namizədlər peydə olur”

MEDİA 14 avqust 2024, 10:49
"Parlament seçkiləri hər bir xalqın taleyində mühüm rol oynayır. Çünki insanlar növbəti 5 ildə onları təmsil edəcək şəxsləri seçirlər. Seçim doğru olmalıdır. Buraxılan səhvi düzəltmək üçün ən azı 5 il gözləmək lazım gəlir. Buna görə də səhv etməyə haqqımız yoxdur”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. 

O qeyd edib ki, 1000-dən artıq şəxsin namizədliyinin qeydə alınması müsbət hal olsa da, düşünmək üçün ciddi əsas verir: 

“Cəmiyyət həmin 1000 nəfərin neçəsini yaxından tanıyır? 

Görəsən, bu adamlardan neçəsi xalqı təmsil etməyə layiqdir? 

Əgər onlar ictimai-siyasi proseslərdə bişmiş adamlar, layiqli namizədlərdirsə, mən niyə tanımıram? 

Əmin olun ki, nəinki mən, hətta yaşadığı binanın sakinləri də bu namizədlərin çoxunu tanımır. Çünki xeyirə-şərə yaramayıblar, danışmaq lazım gələndə ağızlarına su alıb durublar”. 

Jurnalist təəssüflə bildirib ki, hər dəfə seçki dönəmində “reket namizədlər” peydə olur. 

Seymur Verdizadənin fikrincə, bu adamların məqsədi deputat seçilmək deyil, imkanlı rəqiblərindən 5-3 manat qoparmaqdır: 

“Hazırda bu tendensiya yenə qabarıq formada müşahidə edilir. Harada imkanlı iş adamı, pullu məmur varsa, mütləq onun dairəsində 3-4 “reket namizəd” peydə olur. Aydın məsələdir ki, həmin namizədlər mübarizəni sonadək davam etdirmirlər, 5-10 manat pul alandan sonra seçkidən geri çəkilirlər. 

Düşünürəm ki, “reket jurnalistlərə” qarşı necə mübarizə aparırıqsa, “reket namizədlər”ə qarşı da bu cür amansız olmalıyıq”. 


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top