Gənc qadın gecəyarı sevgilisinin evinə basqın etdi, arvadını bıçaqladı — TƏFƏRRÜAT

HADİSƏ 08 avqust 2024, 13:46
Abşeron rayonunda 1996-cı il təvəllüdlü Tahirə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı sevgilisinin arvadı, 1986-cı il təvəllüdlü Sevilə (adlar şərti göstərilib – red.) bıçaqla xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Tahirə 31 yanvar 2022-ci ildə, gecə saat 3 radələrində tanışı Nazimin yaşadığı fərdi yaşayış evinə gəlib. O, Nazimin arvadı Sevil ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ov bıçağı ilə onun sol tərəfdən sinə nahiyəsindən vurub. 

Hadisəni törədən Tahirənin barəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahirə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hazırda 2 azyaşlı övladı ilə birlikdə yaşayır, fərdi qaydada işləməklə ailəsini dolandırır: “Təxminən hadisədən 1 il əvvəl adı yadında qalmayan Türkiyə respublikası vətəndaşı ilə tanış oldum. Həmin şəxs mənə bıçaq hədiyyə etdi. Onun adını və telefonunu unutmuşam. Əldə etdiyim bıçağı məişətdə istifadə etmək üçün üzərimdə gəzdirmişəm. Nazimi təxminən 3 il olar ki, tanıyıram, onunla birlikdə torpaq alqı-satqısı ilə məşğul olmuşam. Nazimin mənə borcu olduğundan mütəmadi olaraq pulumu istəmişəm. Lakin Nazim mənə borcu olmadığını deyib”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 30 yanvar 2022-ci ildə Nazimə zəng edib və onunla görüşmək istədiyini deyib: “Nazim evdə olmadığını, evə gəldiyi təqdirdə mənimlə görüşəcəyini dedi. Mən Nazimi gözləsəm də, görüşə gəlmədi. Yanvarın 31-də, gecə saat 3 radələrində idarə etdiyim “VAZ-2107” markalı avtomobillə Nazimin yaşadığı evə getdim. Nazimi səsləsəm də, həyətə çıxan olmadı. Nazimin yaşadığı evin dəhlizinə daxil oldum, onu yenidən səslədim. Nazimin arvadı Sevil yuxulu vəziyyətdə dəhlizə çıxdı. Ondan Nazimin evdə olub-olmamasını soruşdum. Sevil isə məni təhqir edərək evdən çıxmağımı tələb etdi. Nazimin evdə gizlənməsini zənn edərək bir daha onunla görüşmək istədiyimi dedim. Bu zaman Sevillə aramızda mübahisə yarandı. Sevilin saçından tutaraq üzərimdə gəzdirdiyim bıçaqla sinə nahiyəsindən bir dəfə vurdum”. 

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra evdən çıxıb və avtomobilində gözləməyə başlayıb: “Bir müddət sonra Nazim və qardaşı Zülfüqar oraya gəldilər. Mən əsəbi halda Nazimdən pulumu tələb etdim. Aramızda münaqişə yarandı. Nazim şillə ilə bədənimin müxtəlif nahiyələrinə xəsarət yetirdi. Zülfüqar isə əlimdə olan bıçağı aldı və həyətə tulladı. Sevili bıçaqla vurduqdan sonra onu yenidən vurmaq imkanım olub. Lakin hərəkətimdən qorxaraq dayanmışam. Həmçinin məqsədim Sevili bıçaqla qorxutmaq olub ki, ərinin yerini desin. Mən təxminən hadisədən 3-4 ay əvvəldir ki, narkotik vasitə olan patıdan istifadə etmişəm. Həmin narkotik vasitəni tanımadığım şəxsdən alaraq istifadə etmişəm. Nazimin mənzilinin qapısında borcumu almaq üçün səsləmişım. Mənzilin qapısının açıq olduğunu görərək içəri daxil olmuşam. Məqsədim  Nazimi taparaq borcumu istəmək olub”.

İş üzrə zərərçəkmiş Sevilin sözlərinə görə, hadisədən bir həftə əvvəl Tahirə yaşadığı evə gəlib və əri Nazimin evdə olub-olmadığını soruşub: “Mən də Nazimin evdə olmadığını söylədim. Həmin vaxt biz mübahisə etdik, bir-birimizə söyüş söydük. Daha sonra qapını bağladım və evimə girdim. Hadisə günü isə ərim evdə olmayıb, küçə qapısı isə açıq olub. Tahirə evə girərək Nazimi çağırmağa başladı. Mən Nazimin evdə olmadığını söylədim. Daha sonra Tahirə dəhlizdə bıçaqla mənə xəsarət yetirdi”.

Zərərçəkmiş bildirib ki, hadisədən bir il əvvəl əri ilə Tahirə arasında sevgi münasibəti olduğunu öyrənib: “Nazimin Tahirəyə borcu olmayıb. Tahirəyə görə Nazimlə aramızda mübahisə olub. Tahirə ikinci dəfə evimə səhərə yaxın, saat 4-5 radələrində gəlib. Tahirə hər dəfə Nazimi istədiyi üçün evimə gəlib. Tahirə evimə gəldiyi zaman biz mübahisə etmişik. Hətta uşaqlarım da səslərə oyanıblar. Mən Tahirə barəsində hadisədən əvvəl polisə müraciət etməmişəm. Tahirə mənə xəsarət yetirdikdən sonra yanımdan qaçıb. Qaynım mənim üçün təcili tibbi yardım çağırıb. Tahirə evi dağıdıb, daha sonra çölə çıxaraq evi daşlamağa başlayıb. Ərim əvvəl narkotik vasitədən istifadə edib”.

Şahid qismində ifadə verən Nazimin sözlərinə görə, onun Tahirə ilə sevgi münasibəti olub: “Hadisədən bir müddət əvvəl Tahirə ilə münasibətimi kəsmişəm və onun zənglərinə cavab verməmişəm. Hadisə günü arvadım Sevil mənə zəng edərək Tahirənin yaşadığımız evə gəldiyini, onu bıçaqla vuraraq xəsarət yetirdiyini dedi. Mən evə gəldikdə isə Sevilin bıçaqlandığını, Tahirənin isə idarə etdiyi avtomobildə məni gözlədiyini bildim. Mən Tahirəni oradan uzaqlaşdırdım. Tahirəyə borcum olmayıb. Mən marixuanadan istifadə etmişəm. Tahirənin narkotik vasitədən istifadə edib-etmədiyini bilməmişəm. Tahirə ilə birlikdə narkotik vasitədən istifadə etməmişəm”.

Bu cinayət işinə baxılan zaman təsirləndirilən şəxsin əməli sübuta yetirilib. Məhkəmənin hökmü ilə Tahirə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top