"Gəlin qayınatasına öz telefonunu satdı və..." — TƏFƏRRÜAT

KRİMİNAL 09 sentyabr 2024, 12:00
Siyəzən rayonunda 1988-ci il təvəllüdlü Murad ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aynurəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 11-də Siyəzən şəhərində baş verib. Murad yaşadığı evdə arvadı Aynurə ilə ailə münaqişəsi zəminində aralarında mübahisə edib. 

Aralarında yaranmış mübahisə zamanı Aynurənin üzərinə gedərək əli ilə onun baş və bədən nahiyəsindən bir neçə dəfə yumruq zərbəsi vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Muradın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aynurə onun arvadıdır, onunla 2011-ci ildə evlənib, həmçinin bu nikahlarından 4 övladları doğulub: “Mən arvadım Aynurə ilə normal münasibətlərdə olmuşam. Həmçinin indi də normal münasibətlərdəyik. Arvadıma təxminən iki-üç il əvvəl telefon almışam. Lakin, arvadım sonradan həmin telefonu atam Əliyə 180 manata satdı. Atam da  arvadıma telefona görə 100 manat pul versə də, qalan pulu borclu qaldı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 11-də, səhər saat 09:00-da atası Əli onlara gəlib: “Bu zaman atam ilə arvadım arasında telefona görə söz mübahisəsi oldu. Mən mübahisəyə qarışmadım. Atam ilə arvadımı sakitləşədirməyə çalışdım. Lakin sonradan onların söhbətlərinə qarışmayaraq evdən getdim. Həmin gün günorta saat 15:00-da Siyəzən şəhərində yerləşən kafelərdən birində yemək yeyib, spirtli içki qəbul etdim. Bundan sonra yaşadığım evə qayıtdım. Həmin ərəfədə içkili vəziyyətdə olduğumdan arvadımın üzərinə getdim. Lakin onu hansı formada, necə vurmam dəqiq yadımda qalmayıb”. 

Təqsirləndirilən şəxs deyib ki, arvadı Aynurə ilə mübahisə edərkən səs-küyə qardaşı və atası gəlib: “Onlar mənim hərəkətlərimə maneə oldular. Mən özümə gəlməklə, yaşadığım evin həyətyanı sahəsinə çıxaraq sakitləşdim. Daha sonra arvadımın şikayəti əsasında Siyəzən Rayon Polis Şöbəsinə aparıldım”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Aynurənin sözlərinə görə, özünə aid mobil telefonu maddi vəziyyətləri ilə əlaqədar 180 manata qayınatası Əliyə satıb: “Həmçinin ondan telefonda uşaqlarıma məxsus videogörüntüləri və fotoları silməməsini xahiş etdim. Eləcə də telefonu üçüncü şəxslərə satmamasını, imkanı olan kimi 1-2 aya telefonu yenidən geri alacağımı bildirdim. Bundan sonra qayınatam telefonu qaynım Vüsala verdiyimi öyrəndiyimdən ona bununla bağlı narazılığımı bildirdim”.

Zərərçəkmiş qeyd edib ki, fevralın 11-də, səhər saat 09:00-da qayınatası Əli onlara gəlib: “Mən bir daha öz narazılığımı ifadə edərək, telefonda uşaqlara aid şəkillərin olduğunu, hansı səbəbdən telefonu qaynım Vüsala verdiyini soruşdum. Qayınatam telefonun ona aid olduğunu bildirdi və öz hərəkətinə haqq qazandırdı. Bu səbəbdən də əsəbi halda ərimin yanına getdim. Ona olanları bildirsəm də, sonuncu bir söz belə deməyərək evdən getdi. Sonra spirtli içki qəbul edərək, həmin gün, təxminən saat 15:00-da əsəbi halda evə gəldi. Qayınatamın yanına gedərək, içindəki videoları silmək üçün telefonu qaytarmasını tələb etdi. Sonuncu isə telefonun Vüsal da olduğunu bildirdi. Həmçinin Vüsalın 1 həftə ərzində telefonu qaytaracağını dedi. Bundan sonra qaynıma zəng vuruldu və evimizə çağırıldı. Telefon ondan istənilsə də, qaynım öz telefonunun xarab olduğunu, bu telefonu isə atasından aldığını, öz telefonu təmir edildikdən sonra mübahisəli telefonu qaytaracağını bildirdi. O, telefonu təhvil vermədən getdi”. 

Zərərçəkmiş bildirib ki, daha sonra içkili olan əri Murad əsəblərinin sakitləşməsini gözləmək üçün qaynının evinə gedib və uşaqlarını məktəbdən gətirmək məqsədilə hazırlaşıb: “Məktəbə getmək istəyərkən ərim Murad arxam ilə qaynımın evinə daxil oldu. Mən isə bunu görərək yaşadığım evə qaçsam da, Murad ora gələrək, başımın sol tərəfindən və sağ qabırğalarımdan yumruqla vurdu. Mən yerə yıxıldım, səs-küyə qayınanam bizə gəldi, dərhal kömək çağırdı. Həmin məqamda əvvəlcə qayınatam, ardınca qaynım gəldi. Murad evdən bayıra çıxarıldı. Ərim həyətə çıxarıldıqdan sonra polisə zəng etdim, hadisə barədə məlumat verdim”.

Bu cinayət işinə Siyəzən Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Muradın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top