“Dünyanın digər metrolarından fərqli olaraq...” — AÇIQLAMA

GÜNDƏM 02 avqust 2024, 18:20
 “Əlçatan metro” istifadəçilərinin sayı artıb. "Bakı Metropoliteni" QSC-nin məlumatına görə bu ilin iyul ayında “Əlçatan metro” layihəsindən 86 sağlamlıq imkanları məhdud sərnişin istifadə edib. Bildirilib ki, əvvəlki dövrlərlə müqayisədə xidmətdən istifadə sayı artıb.  

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında deyib ki, əlçatanlıq yerin üstündə də təmin edilməlidir:  

“Nəinki metro, bizim şəhərimiz ümumilikdə əlçatan olmalıdır. Hərəkət məhdudiyyəti olan vətəndaşlarımızın önünü kəsən heç bir bariyer olmamalıdır. Səkilər rəvan olmalı, panduslar mövcud olmalı, giriş hissələr səki səviyyəsinə qaldırılmalıdır. Bu, səkidə hərəkət edənlərin üstünlüyünü təmin etmiş olacaq. Yollarda təhlükəsizliyin artırılmasına ehtiyac var, ikidən artıq zolağın olduğu küçələrdə təlükəsizlik adacıqları olmalıdır. Yerin üstündə bu imkanlar yaradıldıqca insanlar daha rahat hərəkət etmiş olacaqlar. Yerin üstündəki digər nəqliyyat növlərində də müsbət tendensiyanı qeyd etmək yerinə düşər. Yeni alınmış və istifadədə olan “BakuBus”, “Xaliq Faiqoğlu” şirkətlərinin, o cümlədən Azərbaycan Dəmir Yolları” QSC-nin vağzallarında və qatarlarında inklüzivlik təmin olunmaqla şərait yaradılıb. Metroda “Əlçatan metro” layihəsi də hərəkət məhdudiyyəti olan insanların rahatlığını təmin etmək üçün təqdirəlayiqdir. Yeni istifadəyə verilmiş metro stansiyalarında liftlər quraşdırılıb, yeni təmir olunmuş metro stansiyalarında taktil plitələr düzülüb. Bakı metropolitenində dünyanın digər metropolitenlərindən fərqli olaraq hər stansiyanın girişində xüsusi qurğular var, öncədən sifariş daxil etməklə metropoliten işçiləri hərəkət məhdudiyyəti olan şəxsin həmin qurğu ilə platformaya qədər hərəkətini təmin edir. Düşəcəyi stansiyada da sərnişini eyni qayda ilə yerin üstünə çıxarırlar”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 08:27
Top