“Bəzi televiziya kanallarında ana dilimizin saflığının qorunması məsələsinə laqeyd yanaşmalar var” — Möhsün Nağısoylu

GÜNDƏM 01 avqust 2024, 13:09
Bu gün, 1 avqust Azərbaycan dili və əlifbası günüdür. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu öndər ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsinə şərait yaradıb. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Xalqımız əsrlər boyu öz dilini sevib və qoruyub. Ana dilimiz dünyada yaşayan bütün azərbaycanlıları birləşdirən, əlaqələrini möhkəmləndirən ən güclü vasitədir. Buna görə də hazırki dövrdə ən dəyərli sərvətimiz olan dilimizə gündəlik ünsiyyətimizdə də diqqət yetirməliyik. Onu yad təsirlərdən qorumalıyıq. 

Bəs, ana dilimizi yad təsrlərdən yetərincə qoruya bilirik?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müşaviri, akademik Möhsün Nağısoylu bildirib ki, övladlarımıza lap körpəlikdə ana dilimizə sevgi yaradılmalı və bu dilin bizim milli sərvətimiz olduğu aşılanmalıdır:


 

“Dövlət müstəqilliyi qəbul ediləndən sonra dilimiz həmişə diqqət mərkəzində olub. İstər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, istərsə də onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dövlət siyasətində dilə həmişə böyük önəm veriblər. Dilimiz ilə bağlı çoxlu sərəncamlar, fərmanlar qəbul olunub. Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı Cənab İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzalanmış Fərmanı var. Amma təəssüflər olsun ki, bu gün sosial şəbəkələrdə, internet resurslarında, eləcə də adi danışıqda, həmçinin, televiziya kanallarında, xüsusilə də, bəzi saytlarda ana dilinin saflığının qorunması məsələsinə laqeyd yanaşmalar özünü göstərir. Yaranan dil pozuntuları, ədəbi dilin normalarının pozulması halları ana dilimizə zərər verir. Başqa dillərdə təhsil alanlara gəlincə, çox dil bilmək müasir dövrdə olduqca yaxşıdır. Ancaq insan birinci növbədə öz ana dilini yaxşı bilməlidir. Çünki Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir. Konstitusiyamızın 21-ci maddəsində öz əksini tapıb. 

Eləcə də, Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu var. 

Həmin qanun 30 sentyabr 2002-ci ildə Ulu öndər tərəfindən fərman ilə imzalanıb. Orada ana dilinə qayğı ilə yanaşı, Azərbaycan dilinin dövlət dili səviyyəsində fəaliyyəti və dil pozuntuları məsələsi geniş yer alıb. Bu kimi halların qarşısının alınması üçün 2020-ci ilin oktyabr ayından Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi fəaliyyət göstərir. 

Onun geniş səlahiyyətləri var. Dövlət dilinin pozuntusu və ədəbi dilin normaların gözlənilməməsi halları baş verdikdə əvvəl xəbərdarlıq edilir, daha sonra cərimələr də tətbiq edilə bilər. Öz vətənimizdə başqa dildə danışanlarla bağlı sadəcə onu deyə bilərəm ki, bu, hər bir kəsin özünün vətəndaşlıq borcundan asılıdır. İnsanın özündə olan millilik ilə bağlıdır. Ulu öndərimizin məşhur bir sözü var. O, həmişə deyərdi ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan onun dilidir. 

Eləcə də  Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin də belə bir məşhur söz var: “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim dilimizdir, Azərbaycan dilidir”. Bunu hər bir Azərbaycan vətəndaşı qulağında sırğa etməlidir. Bilməlidir ki, onun dili dünyanın ən seçkin, ən zəngin, ən qədim dillərində biridir. Azərbaycan dili daima inkişafdadır. Dilini sevən, vətənini sevən anasını sevir. Bu da Fridun bəy Köçərlinin sözüdür. Bu, birbaşa vətəndaşlıq məsluliyyətindən irəli gəlir. 
Yəni, əgər bir nəfər ana dilini bilir, amma rus və ya ingilis dilində danışmağa üstünlük verirsə, təbii ki, bu vətənpərvərlik hissinin azlığında irəli gəlir. 

Bu sahədə böyük işlər görülməlidir. Övladlarımıza lap körpəlikdən ana dilinə sevgi yaradılmalıdır. Onlar bilməlidirlər ki, ana dilimiz bizim milli, mənəvi sərvətimizdir və bu dil dövlət səviyyəsində qorunur.  

Hər bir xalq dünyada dili ilə tanınır. Dil bir xalqın varlığı və kimliyidir. Ona görə bunları lap körpəlikdə, bağçadan, daha sonra məktəbdən uşaqlara aşılamaq lazımdır. Xalqını, millətini sevən, dilini də sevər. Dilini sevən öz dilini qoyub başqa dilə üstünlük verməz. 

Televiziyalara çıxarılanların çoxu peşəkar deyil. Onların çoxu ana dilini yaxşı blmirlər. Əvvəllər, dövlət mütəqillliyini qazanmamışdan qabaq bir televiziya kanalımız vardı. Orda peşəkarlar çalışırdılar. Televiziya da, qəzetdə bir dənə də səhv tapa bilməzdin. Amma indi ana dilini yaxşı bilən də, bilməyən də bir az üzdən görünüşü olan insanları televiziyaya çıxarırlar. Təbii ki, bunlar qınanılmalıdır. Bunu mən də qınayıram. Özüm də dəfələrlə şahidi olmuşam. Televiziyalarda aşağıdakı alt yazılarda nə qədər səhvlər olur, danışıqda əcnəbi, məhəlli sözlər işlədilir. Amma bu kütləvi hal deyil. Müvafiq tədbirlər görməklə bunun qarşısını almaq olar. Belə hallara qarşı da mübarizə var. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi həqiqətən böyük işlər görür. Bu, gələcəkdə öz faydasını verəcək”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top