Agentlik rəhbəri: “Ekoloji tələblərə cavab verməyən bütün layihələr geri qaytarılır” — FOTOLAR

SOSİAL 26 iyul 2024, 19:11
Dövlət Ekoloji Ekspertiza Agentliyində Bakı şəhəri, Abşeron və Xaçmaz rayonlarının bəzi ərazilərində tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, bu məqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi, habelə ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması layihəsi çərçivəsində Xaçmaz rayonu inzibati ərazisində yerləşən Samur-Yalama Milli Parkı ərazisində layihə altına düşən yaşıllıqların, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 118 ünvanında Gömrük hospitalının həyətində yeraltı dayanacağın tikinti layihəsinin altına düşən ağac və kolların, həmçinin Suraxanı rayonu, Ə.Mehbalıyev küçəsində “Günəşli İnşaat” MTK tərəfindən inşası nəzərdə tutulan yaşayış və qeyri-yaşayış binalarının tikinti layihəsi altına düşən yaşıllıqların götürülməsi məsələləri müzakirə olunub.

Bundan başqa, Abşeron rayonu, Bakı-Sumqayıt magistral avtomobil yolu üzərindəki qurumuş çoxillik ağacların və Bakı-Şamaxı magistral avtomobil yol üzərində quruyan yeni əkilən tinglərin götürülməsi barədə də müzakirələr aparılıb. 

Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov ölkəmizdə  həyata keçirilən layihələrin ekoloji qiymətləndirilməsinin mövcud qanunvericiliklə tənzimləndiyini diqqətə çatdıraraq deyib ki, ictimai dinləmələr zamanı ekspertizaya daxil olan layihələr açıq şəkildə ictimaiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə dinlənilir və qiymətləndirilir: “Məqsədimiz layihələrin həyata keçirilməsinə rəy verilən zaman hökmən ekoloji tələblərə cavab verilməsinə nail olmaqdır. Layihələr işlənən zaman ətraf mühit məsələləri, xüsusilə yaşıllıqların mühafizəsi, əmələ gələn tullantıların idarə olunması və digər ekoloji tələblər öz əksini tapmalıdır. Layihələr müzakirəyə qoyulur və əgər qanunvericiliyin tələblərinə uyğun olmayan məqamlar olursa, həmin layihələr geri qaytarılır. 

Hazırda Bakıda sürətlə böyük əraziləri əhatə edən çoxsaylı layihələr icra olunur. Müxtəlif tərkibli layihələr mövcud olmasına baxmayaraq, bütün layihələrin icrasında əsas məqam mövcud yaşıllıqların landşaft elementi kimi qorunmasıdır. Məlumdur ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə layihə üçün ayrılmış sahənin 40 faizə qədərində, hətta bəzi layihələrdə yeni sahələrdə ayrılmış ərazinin 50 faizində yeni yaşıllıqların salınması təsdiq edilib. Məqsədimiz tələblərin yerinə yetirilməsinə və Bakıda, Abşeron yarımadasında yaşıllıqla əhatə olunan sahələrin artırılmasına nail olmaqdır.

Bugünkü layihələrdən ikisində açıq şəkildə müəyyən standartlar və normaların tələbləri gözlənilmədiyinə şahid olduq. Birinci çatışmazlıq odur ki, layihənin icrasında mövcud olan yaşıllıqlara toxunulmamasına çalışmaq lazımdır. Bu gün layihələrin birində qaranlıq məqam o idi ki, ərazidə boş yer olmasına baxmayaraq, layihənin yaşıllıqların olduğu ərazidə həyata keçirilməsi nəzərdə tutulmuşdu. Lakin ağacların saxlanılması bizim tərəfimizdən əsas tələb kimi ortaya qoyuldu və müvafiq cavab alana qədər onun qiymətləndirilməsini həyata keçirməyəcəyik. Orada bir sahədə yaşıllıqların faizi göstərilsə də, digər ərazidə olan yaşıllıqların faizi, o cümlədən ağaclar haqqında nəzərdə tutulan texniki parametrlər qeyd olunmadığı üçün həmin layihələr geri qaytarıldı".  

M.Qənbərovun sözlərinə görə, son illər ətraf mühitə dəyən ziyana görə cərimələr bir neçə dəfə artırılıb: "Lakin biz bununla kifayətlənmirik. Əgər inzibati qaydada həmin məsələ həll olunmursa, fiziki və hüquqi şəxs tərəfindən törədilən xəta nəticəsində həmin cərimənin məbləği min manatı keçirsə, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ona baxmaq iqtidarında deyil. Bu, cinayət tərkibi yaratdığından toplanmış məlumatlar Baş Prokurorluğa göndərilir. İndiyə qədər bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənirdisə, artıq burada cinyət tərkibi yaranır. Bu da bizim səlahiyyətlərimizə aid olmadığından mütləq hüquq-mühafizə orqanlarına təqdim edilir".



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top