“Pedaqoji ixtisasları bitirən kollec məzunlarının karyera imkanları zəif ola bilər” — Seçim başladı

SOSİAL 26 iyul 2024, 19:03
Xəbər verdiyimiz kimi, kolleclərə ixtisas seçimi başlayıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumatda qeyd olunub ki, kolleclərə qəbul olmaq üçün ixtisas seçimi iyulun 26-dan avqustun 5-i saat 23:59-dək internet vasitəsilə aparılacaq. Bu il orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 10 930 plan yeri ayrılıb. Qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 26 516 abituriyent ixtisas seçiminə buraxılıb. 

Təhsil eksperti Elçin Süleymanov Demokrat.az-a açıqlamasında son illərdə kolleclərdə təhsilin keyfiyyətinin artdığını deyib:

“Kolleclərin fəaliyyətinə nəzarət də ciddiləşib. Onların bir hissəsi universitetlərin nəzdinə verilib. Subbakalavr təhsilindən sonra məzunlar universitetdə təhsillərini imtahansız davam etdirmək imkanına sahibdirlər. Düşünürəm ki, kolleclərə ixtisas seçimində abituriyentlər çox diqqətli olmalıdırlar. Universitet məzunlarının belə işsiz qaldığı əmək bazarında elə ixtisaslar seçilməlidir ki, onlara gələcəkdə də tələbat olsun. 

Təhlillər göstərir ki, tibb sahəsini bitirən kollec məzunlarının məşğulluğu kifayət qədər yüksəkdir. Tibbi xidmətin əhatə dairəsi genişlənir, özəl xəstəxanalar açılır. Tibb bacısı, fizioterapiya ixtisasları böyük rəğbət görür. İstehsalla, eyni zamanda texnologiya ilə əlaqəli – qida texnoloqu, toxucu peşələri kollec təhsilində önəmli yer tutur. Digər bir istiqamət isə dizayn, İT, proqramlaşdırmadır. Sual yarana bilər ki, bu sahələr müxtəlif kurslarda da öyrədilir. Bu ixtisasları kollecdə oxumağın ən böyük üstünlüyü odur ki, daha sonra universitetə keçid etmək və daha dərindən mənimsəmək imkanı var. Kənd təsərrüfatı, ekologiya və istehsalın müxtəlif aspektləri ilə əlaqəli digər ixtisaslar da seçim zamanı diqqətdə saxlanılmalıdır. 

Müəyyən sahələrdə isə tam əksinə əmək bazarının getdikcə darlaşdığını da qeyd etmək vacibdir. Məsələn, orta məktəb müəllimlərinin gələcəkdə ali təhsilli olması kriteriyası önə çıxacaq. Yəni perspektivdə pedaqoji yönümlü kollec ixtisasları artıq tələblərə cavab verməyəcək, çünki müəllimlərin ali təhsilli olması şərti qarşıya qoyulur. Pedaqoji ixtisasları bitirən kollec məzunlarının karyera imkanları zəif ola bilər”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top