“O dövrkü mətbuat möhtəşəm və mötəbər iş görərək milli şüuru yaratdı” — Azər Turan

MEDİA 22 iyul 2024, 21:29
Bu gün təqribən bir əsr yarım əvvəl Həsən bəy Zərdabinin “Əkinçi”si ilə təməli qoyulan milli mətbuatımız 149 yaşını qeyd edir. Azərbaycan mətbuatı bu dövr ərzində zamanın tələbinə uyğun olaraq böyük inkişaf yolu keçib. Dövlət mediamızın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. 

Bəs, bugünki mətbuatımız ilə XIX əsrin sonu- XX əsrin əvvəllərində yaranan mətbuatımız arasındakı fərq nədir?

Demokrat.az-a açıqlamasında “Ədəbiyyat qəzeti”nin baş redaktoru, ədəbiyyatşünas alim Azər Turan bildirib ki, o dövrki mətbuat çox möhtəşəm və mötəbər bir iş görərək milli şüuru yaratdı. 

Azər Turanın sözlərinə görə, Azərbaycan mətbuatının bugünkü halı qənaətbəxşdir və zamanın tələblərinə cavab verir:

 “20-ci əsrin əvvəllərində mütəfəkkirlərimiz həm milli ideologiyanın yaranmasına, həm də nəzəri baxımdan Azərbaycanın ərazi konturlarının cızılmasına şərait yaratdı. Onlara millətin atası da deyirdilər. Azərbaycan misaqi-millisi: 28 Mayıs İstiqlal Bəyannaməsinin təhlilində Mirzə Bala Məmmədzadənin bir fikri var. Deyir, əgər Həsən bəy Zərdabi 50 il sonra doğulsaydı, Azərbaycan istiqlalı da 50 il sonra yaranacaqdı. Yəni mətbuat o qədər önəmlidir. Fransız sosioloqu Qabriel de Tarde deyirdi ki,  “milliyyət fikri qəzetlə başlayır. Qəzet eyni lisanda danışan insanları publika halında toplayaraq onlara müştərək bir vicdan verir”. Yəni bu mənada Azərbaycan mətbuatının bugünkü halı, əlbəttəki, zamanın tələblərinə cavab verir. Amma o dövr ilə bugün mətbuatımızın nə işlə məşğul olduğu barədə müqayisə aparsaq, aradakı böyük fərqi görəcəyik. Bu mənada bugünkü Azərbaycan mətbuatının gördüyü işlər ötən əsrin əvvəllərində Azərbaycan mətbuatının gördüyü işlər qarşısında uduzur. Bu gün mətbuat və jurnalistika sadəcə bir peşə işidir”. 

Azər Turan qeyd edib ki, bugünkü mətbuatın ən şərəfli işi  atalarımızın gördüyü işlərin keşiyində durmaq onları qorumaqdır: 

“Ötən əsrin əvvəllərində Rusiyada inqilab baş verəndən sonra Azərbaycanın görkəmli ziyalıları bir tələbnamə hazırladılar. Çar imperatorluğu məqamlarına çatdırmaq üçün  Əli bəy Hüseynzadə,  Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov petisiyanı – tələbnaməni Peterburqa apardılar və Rusiyanın Baş naziri Sergey Vitteyə təqdim etdilər. Əli bəy Hüseynzadə müxtəsər bioqrafiq məlumatında “Trepovun intriqalarına rəğmən biz tələblərimizi Vitteyə qəbul etdirə bildik” deyir. 

Burada ən mühüm məsələ ondan ibarət idi ki, öz dilimizdə gündəlik “Həyat” qəzetinin çapına icazə aldılar. “Həyat” qəzetinin 1905-ci ildə Bakıda nəşr olunması artıq Azərbaycanın Qafqazda mədəniyyət və düşüncə mərkəzinə çevrilməsinə səbəb oldu. “Həyat” qəzeti ilk nömrələrindən etibarən “Türklər kimdir və kimlərdən ibarətdir?” adlı məqalə dərc etməyə başladı. Bu məqalə nəinki Azərbaycan coğrafiyasında yaşayan insanların milli kimliyi, eyni zamanda, Osmanlı ərazisində yaşayan insanların milli kimliyi məsələsini aktuallaşdırdı. 

O dövrdə bizim nəinki başqa-başqa nazirliklərimiz, idarələrimiz, müəssisələrimiz, ümumiyyətlə, dövlətimiz yox idi. Onlar dövlətimizin olmadığı, Azərbaycanın 120 il əvvəl  imperiyanın ucqarı və müstəmləkəsi olduğu bir məqamda  milli dövlət ideyasını və milli kimlik məsələsini meydana qoydular. Bugünkü mətbuatımız o dəyərlərimizin keşiyində durmağı  bacarmalıdır”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top