ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

DÜNYA 21 iyul 2024, 20:25
ABŞ və Böyük Britaniya Yəmənin şimal-qərbindəki Həccə və Hodeyda əyalətlərinə aviazərbələr endirib.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Ümumilikdə dörd hava zərbəsi endirilib. Tələfat və dağıntılar barədə məlumat verilmir.

Bir gün əvvəl İsrail Müdafiə Qüvvələri Hodeyda limanına hücum edib.

“Al Hadath” telekanalı isə bildirib ki, hava hücumunda “F-35” qırıcıları da daxil olmaqla, İsrail Hərbi Hava Qüvvələrinə məxsus ən azı 12 təyyarə iştirak edib.

Belə ki, Hudeyda limanında neft anbarları, şəhərin elektrik stansiyası, eləcə də hərbi polis binası bombalanıb. Nəticədə 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra husilər xəbərdarlıq edib ki, İsraili atəşə tutacaq və əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcək. 2023-cü ilin noyabrından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum edib.

Buna cavab olaraq, ABŞ Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradıldığını və “Prosperity Guardian” əməliyyatına başladığını elan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top