“Velosiped zolaqlarının olması şəhər mobilliyinin əsas şərtidir” — Ekspert

SOSİAL 16 iyul 2024, 18:57
Velosiped zolaqlarının çəkilməsi şəhər mobilliyinin əsas şərtlərindən biridir və burada xüsusi olaraq velosiped və avtobus zolaqlarını önə çəkmək lazımdır. Çünki bu iki element olduqca zəruridir. Yəni şəhər mühitində yolların hər iştirakçı üçün bərabər bölünməsi və bu bölünmə zamanı daha çox üstünlük mobillik vasitələrinə verilir.

Bu sözləri Demokrat.az-a açıqlamasında son zamanlar şəhərdə velosiped zolaqlarının çoxluğundan şikayətlənən sürücülərə reaksiya verən nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, müasir dünyanın tələbləri, istəkləri bundan ibarətdir və Azərbaycanda bu dünyanın bir parçasıdır və belə tələblərdən, innovativ yanaşmalardan geri qala bilməz:

“Artıq dünyada tam fərqli bir yanaşma müşahidə olunur. Təsəvvür edin ki, birinci piyadaların hərəkəti, mobillik qismində rahat hərəkət, sonra ictimai nəqliyyat, sonra mobillik vasitələri olan bu skuterlər velosipedlər və sonda avtomobillər gəlir. Yəni, avtomobilə qarşı yanaşma tam başqa cür qəbul olunur. İndi təbii ki, Azərbaycan sürücülərinin böyük əksəriyyəti fərqli düşünə bilər. Amma yeni dünya artıq başqa istiqamətdə inkişaf edir və yanaşmalar başqa formada cərəyan edir.

Ekoloji təmiz nəqliyyat vasitələrinin stimullaşdırılması ilə bağlı bu qədər addımlar atıldı və bu addımların fonunda sözsüz ki, bu vasitələrin normal hərəkəti tətbiq edilməlidir. Hesab edirəm ki, Azərbaycanda da bu vasitələrin rahat hərəkəti üçün yeni velosiped və skuterlərin müəyyən imkanlar yaradılmalı idi və yaradıldı. Zamanla biz buna alışacağıq, öyrəşəcəyik. Çünki ola bilsin, bəzi nöqtələrdə həqiqətən də hərəkətin intensivliyinə təsir göstərir. Amma müasir dünyanın tələblərindən də kənara çıxmaq olmaz.

Zamanla görəcəyik ki, Azərbaycanda artıq velosipedçilərin sayı xeyli artıb. Çünki avtomobildən yaxa qurtarıb, velosipeddə rahatçılıq tapan insanlar var və onların sayı get-gedə artacaq və artırsa, təbii ki, onlar üçün də şərait mütləq olmalıdır”.

Sona xanım
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top