“Selektiv abortların qarşısının alınmasına dırnaqarası yanaşılır” — Ginekoloq

GÜNDƏM 15 iyul 2024, 15:43
Bu ilin ilk beş ayı ərzində doğulan oğlan uşaqlarının sayı qızlarla müqayisədə çox olub. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur. Belə ki göstərilən müddət ərzində 41608 doğulan körpə qeydə alınıb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Körpələrdən 1390-ı əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.

Tanınmış ginekoloq Rəşad Soltanın sözlərinə görə, oğlan və qız uşaqları arasındakı aşkar fərqin səbəbi selektiv abortlardır.

O bu barədə fikirlərini Demokrat.az-a açıqlayıb: 

“Statistikadan da aydın olur ki, bu fərqin yaranması təbii deyil, selektiv abortlar səbəbi ilə yaranan haldır. Qız uşaqları bətn daxilində ikən selektiv abortun qurbanı olur. Bu, hamıya məlumdur. Dölün cinsiyyəti yalnız 12-ci həftədən sonra ultrasəs müayinəsi zamanı mümkün olur. 12 həftədən sonra qanun aborta icazə vermir. Bu müddətdən sonra abort aşkar olunarsa, həm abort etdirən, həm də edənin cəzalandırılması qanunda əksini tapır. Yəni problem qanunda deyil, onun icrasındadır. Qanunun icrasına nəzarət edilməsinə dırnaqarası yanaşılır. Xatırlayırsınızsa, erkən nikah halları ilə bağlı da əvvəllər nəzarət mexanizmi daha zəif idi. İndi bu məsələ tez-tez işıqlandırıldığı üçün daha ciddi addımlar atılır. 18 yaşdan tez qız övladını ailə qurmağa məcbur edən valideynlər artıq cəzalandırılır. Yəni cəza mexanizmi öz nəticəsini verir. Düşünürəm ki, selektiv abort məsələsində də eyni cür siyasət yeridilməlidir. Görürük ki, bunun qarşısını maarifləndirməklə almaq olmur. Biz nə qədər desək də, yazsaq da cəmiyyətin çox hissəsi öz yanaşmasında qalır. Bu məsələni media tez-tez işıqlandırsa, bəlkə dövlət orqanlarının diqqətini cəlb etmək olar. Təbii ki, əlavə mexanizmlər də işə düşməlidir. Çoxları dünyaya övlad gətirməyə şou kimi baxır, bər-bəzəkli maşın, ev... Uşaq valideynlərin bəzək-düzəkli dünyasının bir parçası olur”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top