Beynəlxalq Türk Mədəniyyət Təşkilatı —TÜRKSOY-un 31 yaşı tamam olur

GÜNDƏM 12 iyul 2024, 19:50
Bu gün Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un yaradılmasının 31-ci ildönümüdür. 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. TÜRKSOY-un Katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir. TÜRKSOY-da 6 qurucu üzv ölkədən savayı, Şimali Kipr Türk Cümhuriyyəti, eləcə də Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tıva, Xakasiya və Saxa-Yakut respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi müşahidəçi üzvük statusuna malikdir.

TÜRKSOY türk xalqlarının ortaq mədəniyyət platforması olaraq dərin tarixi köklərə malik mənəvi dəyərlərimizi, zəngin mədəni, ədəbi irsimizi, dost və qardaş ölkələrin rəngarəng incəsənətini dünyada təblığ edir.

Azərbaycan təşkilatın yarandığı gündən onun fəaliyyətində yaxından iştirak edir. TÜRKSOY-un ilk baş katibi Azərbaycan Respublikasının keçmiş mədəniyyət naziri, hazırda ölkəmizin Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu olub. TÜRKSOY hər il ölkəmizlə bağlı layihələr həyata keçirir. O cümlədən “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi iki dəfə Azərbaycanda reallaşıb. 2016-cı ildə bu adı Şəki şəhəri daşıyıb. 2023-cü ildə isə Azərbaycan mədəniyyətinin paytaxtı, tarixi Zəfərimizin tacı Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” olub. 2023-cü ilin oktyabrında Şuşada keçirilən TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclasında təşkilatın gələcək fəaliyyət spektri ilə bağlı mühüm müzakirələr aparılıb və qərarlar qəbul olunub.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi TÜRKSOY-un yaranmasının 31-ci ildönümü münasibətilə təşkilatın baş katibi hörmətli Sultan Raevi və TÜRKSOY Katibliyinin çalışanlarını, həmçinin təşkilatda təmsil olunan bütün qardaş xalqları təbrik edir, bundan sonrakı birgə fəaliyyətimizə yeni-yeni uğurlar arzulayır!

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top