"Bu summativlərin ləğvi mənasına gəlməməlidir" — AÇIQLAMA

GÜNDƏM 10 iyul 2024, 14:50
İbtidai sinif səviyyəsində bəzi summativ qiymətləndirmələrin azaldılması və ya ləğvi məsələsi müzakirə olunur.

Demokrat.az
xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu deyib. Şöbə müdiri bildirib ki, qiymətləndirmə siyasətində bəzi təkmilləşdirmələr aparılacaq.

Mövzu ilə bağlı Elm və təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlama verib.

Ekspert orta ümumtəhsil məktəblərində summativ qiymətləndirmə kiçik və böyük olmaqla iki formada aparıldığını qeyd edib:

“Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur. Kiçik summativ qiymətləndirmə hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə vasitələri isə ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır.

Dəyişiklikdə I, II və III siniflərdə böyük summativ qiymətləndirmənin ləğv olunması yer alacaq. Həmçinin yuxarı siniflərdə də ləğv olunma və ya azalma olacaq. Bunlar dərs yükünün azalmasına birbaşa təsir edəcək. Nəzərə alsaq ki, ümumi təhsilin dövlət standartlarının yenilənməsi 5 ildən bir həyata keçirilir, o zaman gələn il bu istiqamətdə yeniliyin şahidi olacağıq.

Məsələyə ekspert kimi yanaşaraq, qiymətləndirmə siyasətində bəzi təkmilləşdirmələrin aparılmasını vacib hesab edirəm. Amma bu, summativlərin ləğvi mənasına gəlməməlidir. Çünki şagirdlərin həftələr ərzində əldə etdiyi bilik və bacarıqlarının yoxlanılması naminə kiçik və böyük summativ qiymətləndirilmə keçirilir.”

Şahanə XANKİŞİYEVA
Demokrat.az

 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top