Numerologiya — Həqiqət, yoxsa dələduzluq?

GÜNDƏM 09 iyul 2024, 14:50
Son vaxtlar cəmiyyətdə numerologiya sahəsinə maraq artıb. Bəzi insanlar rəqəmlərin təsiredici qüvvəyə malik olduğuna inanır. Numeroloqlar bunun əsasında hətta terapiyalar təşkil edirlər. Bu barədə sosial şəbəkələrdə reklamlar da az deyil. Maraqlıdır, numerologiyanın elmi əsası varmı? Rəqəmlər həqiqətən həyatımıza təsir edirmi? 

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Demokrat.az-a açıqlamasında numerologiyanın elm olmadığını deyib. Onun sözlərinə görə, bunu insanlara elm kimi təqdim etmək olmaz:



“İnsanların sadəliyindən, xoş niyyətlərindən sui-istifadə etmək dələduzluqdur. Bəzən elmin magiya ilə əlaqələrini əsaslandırırlar. Elm və magiya arasında heç bir əlaqə yoxdur, olmayıb da. Elm məntiqə və tədqiqata əsaslanır. Sehrli rəqəmlərlə insanların taleyi dəyişmir. İnsanlar nəyə inanırlarsa, düşüncələri də bunun əsasında formalaşır. Həqiqət inanc deyil. Həqiqət olduğu kimidir, reallığa əsaslanır və elmdir”. 
Ekspert qeyd edib ki, numerologiyaya müraciət edən şəxslərin düşüncələrində yanlış inanclar olur:

“Düşünürlər ki, insanın doğum tarixi, bürcü və digər bu kimi rəqəmlərə bağlı olan anlayışlar onun taleyində xüsusi rol oynayır. Təsadüfi uyğunlaşan anlayışlar da yanlış inancları möhkəmləndirir. İnsanın taleyini böyüdüyü mühit formalaşdırır. Mühit düşüncənin fərqliliyinə və ya müxtəlifliyinə təsir edir. Elmdən uzaq cəmiyyət öz həqiqətlərini mifoloji və ya mistik anlayışlarda axtarır. Hansısa hadisələri rəqəmlə ifadə etmək bədiilikdən başqa bir şey deyil. Amma hadisəyə rəqəmin səbəb olmasına inanmaq psixoloji pozuntudur. Elmi əsası olmayan, aidiyyətı dövlət qurumları tərəfindən təsdiq və tövsiyə olunmamış sahələrə müraciət etmək qadağan olunmalıdır”. 

Ekspert bəzi insanların mənəvi rahatlıq axtardığını söyləyib:

“Numeroloq və ya digər buna bənzər istiqamətlərdə fəaliyyət göstərən dələduzlar insanların mənəvi rahatlıq axtarışlarına dırnaqarası dəstək verirlər. İnsanlar həm də numeroloqlardan psixoloji seanslar alırlar. Düşüncəyə qeyri-adekvat yanaşmaq olmaz. Özünü psixoloq kimi təqdim edən numeroloqlar qanun qarşısında cavab verməlidirlər. Aidiyyətı qurumlar mənəvi dələduzlara qarşı hüquqi addımların sərtləşdirilməsi istiqamətində addım atmalıdır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top