"Keyfiyyətsiz təhsilin acığını müəllimdən, həkimdən çıxırıq" — Deputatdan imtahan AÇIQLAMASI

GÜNDƏM 09 iyul 2024, 14:35
Ötən günlərdə yerli mediada həkimlərin işə qəbul üçün imtahan verməsi ilə bağlı layihə hazırlandığı bildirilib.

 Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə vurğulayıb ki, artıq aidiyyəti qurumlar tərəfindən bu barədə layihə hazırlanıb: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu qaydasının layihəsinin hazırlanması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tapşırılıb.

Aidiyyəti orqanlar tərəfindən müvafiq layihə hazırlanıb və razılaşdırılması üçün Dövlət İmtahan Mərkəzinə göndərilib. Layihə ilə bağlı DİM-in rəy və təklifləri həmin orqanlara təqdim edilib".

Bəs, müvafiq sahədə ali təhsil almış şəxsin yenidən imtahan verərək işə qəbulu nə dərəcədə doğrudur?


Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa Demokrat.az-a açıqlama verib.

Deputat müəllim və həkimlərin cəmiyyətin ən həssas kateqoriyası hesab edir:

“Onların sertifikasiyası və işə qəbulu o qədər şəffaf şəkildə icra olunmalıdır ki, sonradan cəmiyyət üçün bunun mənfi nəticələri ortaya çıxmasın.

Ümumiyyətlə, müəllimlərin və həkimlərin işə qəbul üçün yenidən imtahana cəlb olunması o deməkdir ki, universitetin verdiyi diplomlar mənasızdır. Onda biz universitetləri bağlamalıyıq. Verilən diplomlardan imtina etməliyik. Çünki yeni sistem buna gətirib çıxarır. Ya universitetlərdə təhsil sisteminə düzəliş etməliyik ki, savadsız insan təhsilini başa vura bilməsin. Ya da ki, diplomu varsa, onu yenidən imtahan cəlb etmək əzab verməkdir. Bunlar ilk öncə insanların maraqları üzərinə düşünülməlidir.

Digər ölkələrdə -  Amerika, İngiltərə və digər Aropa ölkələrində universiteti bitirdikdən sonra, şəxsi iş göndərilir. Onun əsasında da şəxs işə götürülür. Çünki universitetin diplomu etibarlıdır və hər kəs tərəfindən qəbul olunur. Bəs bizdə niyə qəbul olunmur?

Çünki təhsil səviyyəsi aşağıdır. Ona görə də universitetlərdə olan boşluğu insanlara yenidən imtahan keçirərək əzab vermək düzgün deyil.

Əgər bir şəxs həkimlik ixtisası üzrə ali təhsil alıbsa, ona diplom verilibsə, artıq onun ixtisası var. Nəyinsə müqabilində bu diplomu alıbsa, onda həmin universitet bağlanmalıdır. Həmin təhsil müəssisəsinin yerində başqa universitet açılmalı və elə-belə diplom verilməməlidir. Tək müəllim, həkimlərə yox, digər sahələrə də bu cür yanaşılmalıdır.

Hətta birinci sinif uşağına belə imtahan keçirlər ki, səni filan məktəbə götürək, ya yox. Axı birinci sinif uşağı nə bilir ki?

Bu cür dolanbaclar, labirintlər məncə, qəsdən yaradılır. Biz təhsilin keyfiyyətin dəyişməliyik. Çünki keyfiyyətsiz təhsilin acığını müəllimdən, həkimdən çıxırıq.

Tibbdə özəl sektoru canlandırmaq lazımdır. Qarabağı 44 günə ala bildik. Ancaq elə məqam olar ki, 44 il də bəs etməz ki, biz təhsilimizi bərpa edək. Prezidentin qərarı ilə İcbari Tibbi Sığorta yarandı. Bunun əsasında isə TƏBİB. Bunlar yetərincə müsbət tendensiyalardır.

İmtahan çıxış yolu deyil. Məncə, daha optimal yol tapılmalıdır. Biz bəzi şeyləri görməzdən gələrək yeni çığırlar açmağa çalışırıq. Bu da düzgün deyil.”

Şahanə XANKİŞİYEVA
Demokrat.az
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top