Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafı Azərbaycanın iqtisadi maraqlarına cavab verir

GÜNDƏM 06 iyl 2024, 19:08
Azərbaycanın dünya dövlətləri ilə əlaqələri gündən-günə inkişaf edir. Region ölkələri ilə münasibətlərin möhkəmləndirilməsi ilə yanaşı son illərdə türk dövlətləri, Orta Asiya regionu, ərəb coğrafiyası və Asiyanın digər ölkələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycanın tərəfdaşlıq etdiyi təşkilatlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün dəvət aldı. Xatırlatmaq yerinə düşər ki, bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib.  Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Astanaya səfər edən Prezident İlham Əliyev Qazaxıstan və Çinlə bir sıra sahələrdə əməkdaşlıq sazişlərinə imza atıb. 



Astanada imzalanmış “Azərbaycan İnvestisiya Holdinqi və “Samruk-Kazına” Milli Rifah Fondu” Səhmdar Cəmiyyəti arasında Səhmdarlar Müqaviləsi”nin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə mübadiləsi mərasimi olub. Həmçinin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Tərəflər beynəlxalq və regional vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə ediblər. Bəyannamədə qeyd olunur ki, Çin tərəfi Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.

Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edən İlham Əliyev bildirib ki, Azərbaycan ikinci dəfə ŞƏT-in Zirvə toplantısına dəvət olunması Azərbaycanla üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisidir. Ölkə başçısı vurğulayıb ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir: “Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Biz tərəfdaşlarımızla Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyirik. Azərbaycanın bu il COP29-a ev sahibliyi edəcəyini xatırladan İlham Əliyev Azərbaycanın tədbir çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərini əsirgəməyəcəyini və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağını vurğulayıb: “Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik”, - deyə Prezident əlavə edib.  

Sabiq deputat, politoloq Cümşüd Nuriyev Demokrat.az-a açıqlamasında deyib ki, Azəbaycan artıq 10 ilə yaxındır ŞƏT-də dialoq tərəfdaşı kimi çıxış edir:



“Çinlə bağlanmış memorandumun 4.5-ci bəndinə görə, Azərbaycanın təşkilatdakı statusu dəyişə bilər. Azərbaycan dialoq tərəfdaşı kimi deyil, müşahidəçi üzv kimi burada təmsil oluna bilər. Təşkilatda məşvərətçi səslə iştirak edən Belarus bu il artıq onun üzvü oldu. İndi həmin yer boşdur. Bu, Azərbaycan üçün çox önəmlidir. Çünki Zəngəur dəhlizinin açılmasında maraqlı olan ölkələr sırasında Çin də var. Gələcəkdə Zəngəzur dəhlizi açılanda Çin də Azərbaycanın yanında olacaq. ŞƏT üzvü olan Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu dövlətlərin Azərbaycanla münasibətləri ölkə üçün çox önəmlidir. Hazırda Çin dünyanın ikinci böyük iqtisadi gücüdür. Azərbaycanın da öz iqtisadi, siyasi maraqları var, bu maraqlara uyğun Cənab Prezident siyasət həyata keçirir. Azərbaycan gələn il də təşkilatın sammitində iştirak etməyə dəvət alıb. Çin kimi böyük dövlətin Azərbaycanı sammitdə iştiraka dəvət etməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Bu, cənab Prezidentin yürütdüyü uğurlu siyasətin nəticəsidir. Sədrliyin Çinə keçməsindən sonra təşkilatla əlaqələr daha da möhkəmlənəcək. İlk növbədə, Azərbaycanın ticarət dövriyyəsi artacaq. Çinə ixrac edə biləcəyimiz qeyri-kənd təsərrüfatı məhsulları artacaq. İxracda karbohidrogen mənşəli məhsulların xüsusi çəkisi azalacaq. Bu, önəmli məqamdır. Azərbaycanda Çin texnologiyası geniş istifadə olunur. Texnologiya bazarında Çindən istehsalı məhsullar yenə böyük yer tutacaq. Azərbaycanın ŞƏT-də müşahidəçi üzv olması siyasi dividentlər gətirəcək”.

Siyasi şərhçi Tural İsmayılov isə ŞƏT dövlətlərinin hər birinin digər nüfuzlu təşkilatlara üzv olduğuna diqqəti çəkərək söyləyib ki, Azərbaycanla strateji müttəfiqliyi olan ölkələr burada təmsil olunur: 


“Azərbaycan tam üzv olmadığı təşkilatın tədbirinə artıq növbəti dəfə dəvət olunub. Bunu müsbət tendensiya kimi qiymətləndirə bilərik. Diqqət etsək görərik ki, cənab Prezident artıq neçənci dəfədir ki, Ərəb Dövlətləri Liqasının, Avrasiya İqtisadi İttifaqının iclaslarına fəxri qonaq qismində dəvət olunur. Qərbin artıq çökməyə başlayan imperialist təfəkkürlü təşkilatlarının yanında Asiyanın yüksələn yeni iqtisadi dəyəri yaranır. ŞƏT-də diqqət mərkəzində olan əsas məsələlər daha çox iqtisadi əlaqələrin üzərində quruldu. ŞƏT-in baş ofisi Pekindədir, eyni zamanda terrorizmlə mübarizə məqsədilə Daşkənddə də nümayəndəliyi var. Azərbaycan müşahidəçi üzv olduğu təqdirdə təşkilatın gələcəkdə hansısa seqmentdə Azərbaycanda da ofisi açıla bilər. Hindistan və Pakistan Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunsalar da siyasi məsələlərdə - Kəşmir məsələsi də daxil olmaqla, fərqli mövqelərə malikdirlər. Azərbaycanla Ermənistan arasında hələ sülh müqaviləsi imzalanmayıb. Hər iki ölkənin beynəlxalq münasibətlər sisteminə baxışları fərqlidir. Bu gün İran və Rusiya hər nə qədər müttəfiq kimi görünsələr də dünyada baş verən hadisələrə yanaşmaları fərqlidir. İran və Çin arasında da iqtisadi baxımdan münasibətlər inkişaf etsə də siyasi baxımdan mövqelər fərqlidir. Hesab edirəm ki, əsas məsələ iqtisadi məsələlərdir. İqtisadi maraqlar harada üst-üstə düşürsə, orada mütləq qaydada siyasi və təhlükəsizlik məsələlərində əməkdaşlıq formatları da tapılır. ŞƏT-də problemləri olan ölkələr bir platformada Asiya coğrafiyasının inkişafı üçün ortaq dil bilir. Həmçinin, təhlükəsizlik məsələlərində də bir araya gəlmək mümkün olur”.

Törə Zeynallı
Demokrat.az  


Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top