“Pezeşkian Azərbaycanla münasibətlərə önəm verəcək” — Politoloq

GÜNDƏM 06 iyul 2024, 12:23
Xəbər verdiyimiz kimi, İranda keçirilən prezident seçkilərinin ikinci turunda islahatçı keçmiş səhiyyə naziri Məsud Pezeşkian qalib gəlib. Bir çoxları Pezeşkianın prezident seçilməsinin ölkədə əsaslı dəyişikliklərə səbəb olacağını düşünür. 

Bəs, yeni hərəkatların baş qaldırdığı bir dönəmdə Pezeşkianın prezident seçilməsi İranda nə kimi irəliləyişlərə səbəb olacaq?


Mövzu ilə bağlı Demokrat.az-a politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Pezeşkian səlahiyyətlərə başladıqdan sonra qonşu ölkələrlə, xüsusilə Azərbaycanla münasibətləri inkişaf etdirəcək. 

Politoloqun sözlərinə görə, nəzərə almaq lazımdır ki, İranda həm daxili siyasəti, həm də xarici siyasəti ali dini rəhbər özü təyin edir:





“İranda islahatçı namizəd Məsud Pezeşkian seçkilərdə qalib gəldi. O birinci turda da qalib gəlmişdi. Amma İranda ali dini rəhbəri Seyid Əli Xameneinin müşaviri Səid Cəlilini prezident etmək istəyirdilər. İkinci turda da Pezeşkian qalib gəldi. Bu islahatçıların hakimiyyətə gəlməsi deməkdir. Amma həm mühafizəkarlar, həm islahatçılar hakim sistemə daxildir. Onlar ali dini rəhbərin təlimatı əsasında siyasət həyata keçirirlər. Xarici siyasəti də ali dini rəhbər özü təyin edir və özü idarə edir. Hesab edirəm ki, Məsud Pezeşkiananın prezident seçilməsi və səlahiyyətlərə başladıqdan sonra əlbəttə ki, qonşu ölkələrlə münasibətləri inkişaf etdirəcək. Xüsusilə, Azərbaycanla münasibətlər böhranlı olmayacaq. Azərbaycan ilə münasibətlərə önəm verəcək. Daxili siyasi vəziyyətə gəldikdə isə iqtisadi və sosial rifahın yüksəldilməsi istiqamətində addımlar atmağa çalışacaq. Amma Güney Azərbaycanda azərbaycanlıların və qeyri-fars millətlərin hüquqları müstəvisində İran konstitusiyasından irəli gələn maddələri tətbiq edilməsinə  imkan verilməyəcək. Burada sistemin ümumi siyasəti var. Sadəcə olaraq mühafizəkarlar siyasi xətt tərəfdarıdır. Amma islahatçılar müəyyən dərəcədə mütədilliyə üstünlük verirlər. Sistem çalışacaq ki, islahatçılar Qərb ilə münasibətləri formalaşdırsın”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top