Vüqar Rəhimzadə: Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir

GÜNDƏM 04 iyl 2024, 21:42
Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr quran Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində münasibətləri yüksələn xətlə inkişaf edir. Beynəlxalq baxışın yüksək səviyyədə olması Azərbaycana böyük inamın, etimadın göstəricisidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkələrin dövlət başçılarının şəxsi dostluq münasibətləri də əlaqələrin möhkəmlənməsində, yeni prioritetlər üzrə inkişafında əsas faktorlardan biridir. Bu gün Azərbaycan-Çin münasibətlərinin fonunda həm ölkələrin, həm də liderlərin şəxsi dostluq münasibətlərinin yol açdığı uğurları görürük. Şanxay Əməkdaşlıq təşkilatının Zirvə görüşündə iştirak etmək üçün Astanada səfərdə olan Prezident İlham Əliyevin Çin, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan liderləri ilə keçirdiyi görüşlər münasibətlərimizin dünəninin, bu gününün və onların əsasında perspektivlərin aydın mənzərəsini yaratdı. Bu görüşlər Azərbaycanın,  onun  Prezidentinin beynəlxalq nüfuzunun təsdiqidir. Bu mühüm məqam beynəlxalq səviyyədə də qeyd edilir ki, tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq əsas diqqət Azərbaycana yönəlir. Təbii ki, bu diqqəti şərtləndirən xeyli sayda amillər mövcuddur. Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuz qazanması, yerləşdiyi coğrafi məkan, ölkələr, xalqlar arasında qurduğu yeni körpülər daim yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Astana Zirvə görüşü çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsası kimi dəyərləndirilir. Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən  etibarən iki ölkə arasında əməkdaşlıq inkişaf edir və hazırda artıq strateji səviyyəyə yüksəlib. Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri mövcuddur. Dövlət başçısı İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə ölkələrimiz arasında dostluq, tərəfdaşlıq münasibətləri əsaslı şəkildə diqqətə çatdırıldı. Dövlət başçısı İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə  imzalanan  Bəyannamənin iki ölkəni rəsmi olaraq strateji tərəfdaşlara çevirdiyini  vurğuladı. Bildirdi ki,  bu, böyük nailiyyətdir, həmçinin yüksək məsuliyyətdir. Gələcəkdə də fəal qarşılıqlı fəaliyyət göstərmək, ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindəyik. Çin-Azərbaycan əlaqələrinin  səmimiyyətə və qarşılıqlı etimada əsaslandığını bildirən Si Cinpin bu mühüm məqamı da xüsusi qeyd etdi ki, iki dövlət arasında münasibətlər həmişə sağlam və sabit şəkildə inkişaf edib. İki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib və daha zəngin strateji məzmuna çatıb.  Qəbul edilən Birgə Bəyannamə ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir. Bu mühüm sənəd, eyni zamanda, münasibətlərdə  yeni bir başlanğıc nöqtəsidir. Belə bir əminlik də ifadə edildi ki,  xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Bəyannamənin əsas müddəalarında da qeyd edildiyi kimi, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır. Azərbaycanla Çin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir. Münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır. Azərbaycan “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir və Tayvanı  Çinin ayrılmaz hissəsi kimi qəbul edir. Azərbaycanla Çin milli, regional və qlobal təhlükəsizliyin vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlayır, öz ərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı istifadəsinə imkan vermir. Tərəflər BMT himayəsi altında beynəlxalq sistemi dəstəkləyir, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə söykənən beynəlxalq münasibətlərin əsas normalarına riayət edir, hegemonluğa və güc siyasətinə qarşıdır, real çoxtərəfliliyə sadiqdir. Ümumilikdə sənəd iki ölkənin münasibətlərində öndə saxladıqları əsas prinsiplərin təqdimatıdır. Onu da qeyd edək ki, Azərbaycanla Çin “Bir kəmər, bir yol” çərçivəsində əməkdaşlığı dərinləşdirməyi vacib hesab edir. Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisində və istismarında fəal iştirak edir.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Çin Azərbaycanın beş əsas ticarət tərəfdaşından biridir. Statistik rəqəmlərə diqqət yetirsək görərik ki, ötən il  Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard  dollar təşkil edib. Həmçinin, hazırda ölkəmizdə 300-dən çox Çin şirkəti  qeydiyyata alınıb ki, onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. İnvestisiyaların həcminə gəldikdə isə,  Çin Azərbaycan iqtisadiyyatına  930,8 mln. dollar, Azərbaycan isə  Çin iqtisadiyyatına  263,3 mln. dollar  həcmində investisiya qoyub. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan Çinin irəli sürdüyü “Kəmər və Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Ölkəmiz  Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz bu istiqamətdə mühüm addımları ilə diqqətdədir. Belə ki, Azərbaycan  “Kəmər və Yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.

Vüqar Rəhimzadə Azərbaycan-Çin münasibətlərinin qısa təhlili əsasında bu qənaətini açıqlayıb ki, qarşılıqlı etimad münasibətlərin yüksələn xətlə inkişafında, həmçinin yeni prioritetlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Bu əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin də  rolu böyükdür. Ümumilikdə,  dövlət başçısı İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü iki ölkə arasında dialoqu daha da intensivləşdirəcək, strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyl 2024, 21:24
Top