“Türkiyədə etirazçılarla miqrant suriyalılar arasında baş verənlər qəsdən siyasiləşdirilir” — Politoloq

SİYASƏT 02 iyl 2024, 15:20
Ötən gecə Hatay, Qaziantep, Adana və Bursa vilayətlərində bir qrup vətəndaş Türkiyədə məskunlaşan suriyalıların dərhal ölkədən çıxarılması tələbi ilə aksiya keçiriblər. Etirazların artıq ölkənin digər şəhərlərinə - Adana və Urfaya da keçdiyi bildirilib. Beləki, etirazçılar suriyalıların yaşadığı və işlədiyi yerlərə hücum edib. Aksiyada iştirak edənlər “Türkiyə türkdür, türk qalacaq!” kimi şüarlar səsləndiriblər.

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, son hadisələr, şübhəsiz, Türkiyə daxilində çaxnaşma salmaq, hakimiyyət əleyhinə çıxışları gücləndirmək məqsədilə siyasiləşdirilir. 

İlyas Hüseynov qeyd edib ki, baş verənlər Türkiyədə daxili ictimai-siyasi vəziyyəti gərginləşdirə bilər:

“Yaxın Şərqdə genişlənən müharibə miqrant problemini ortaya çıxardı. Miqrantlarla bağlı dünyanın müxtəlif ölkələrində çox sərt siyasət yürüdülməsi, qanunvericiliyin sərtləşdirilməsi və dəyişdirilməsi halı baş verməsi müasir beynəlxalq münasibətlər sistemində ən önəmli problemlərdən birinə çevrilib. Çünki görürük ki, xüsusilə, Avropada miqrant siyasəti əleyhinə çıxış edən siyasi qruplar, cərəyanlar, partiyalar uğur qazanırlar.

Sağ radikal kəsimi təşkil edən siyasi platformalar getdikcə güclənməkdədir. Bu xüsusda qardaş Türkiyədə də oxşar hadisələr baş verir. Suriyalı qaçqınların qəbul olunmasından sonra daxildə onlara fikir birmənalı deyildi. Bəziləri onlara qucaq açmışdı, onları öz evlərində kimi qəbul etməyin tərəfdarı idi. Digərləri isə işsizliyin, inflyasinın, sosial şəraitin ağırlığını əsas gətirərək suriyalıların hazırkı məqamda ölkəyə dəvət olunmasını sərt tənqid edirdi. Bu qarşıdurmalar, ziddiyyətlər, müxtəlif fikirlər getdikcə genişlənirdi. Türkiyənin iqtisadi sahədə yaranan çətinlikləri, məişət şəraiti ilə bağlı olan bəzi problemlər daim Suriya qaçqınları ilə bağlı problemləri prioritetə çevirirdi. 

Şübhəsiz ki, son hadisələr hakimiyyət əleyhinə çıxışları gücləndirmək məqsədilə siyasiləşdirilir. İnsidentin artıq geniş şəhərlərə yayılması və etirazçıların suriyalılara qarşı hücumlarını sosial şəbəkədə, açıq internet mənbələrində yayılan foto və video kadrlarda prosesləri izləmək mümkündür. Bu, dərhal dayandırılmalıdır. Çünki qardaş Türkiyədə etirazçılarla miqrant susiyalılar arasında baş verən proseslər şübhəsiz ki, ölkədə daxili ictimai-siyasi vəziyyəti daha da gərginləşdirə bilər. Bunun üçün əlbəttə ki, konsensus tapılması, həmrəyliyin nümayiş olunması, bütün məsələləri qanun və konstitusiya çərçivəsində həll etmək ən önəmli məqamdır”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top