“Sənin qəbirdə yatan atan ev alıb verib mənə sən orada qalırsan?” — MÜLK DAVASI

KRİMİNAL 01 iyl 2024, 18:29
Abşeron rayonunda 1992-ci il təvəllüdlü Əmir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülnara (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 20-də baş verib. Əmir faktiki olaraq ailə üzvləri ilə birlikdə yaşadığı ünvanına sahiblik hüququ ilə bağlı arvadı Gülnarla fikir ayrılığı yaranıb. 

Bununla əlaqədar aralarında yaranmış mübahisə zamanı masanın üzərində olan xrustaldan olan qəndqabını əli ilə götürüb və zərərçəkmiş şəxsin üzərinə hücum edib. O, Gülnarın özünü qorumaq üçün qarşıya verdiyi sol qolundan həmin qənd qabı ilə bir dəfə qəsdən vurub. 

Hadisəni törədən Əmirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əmir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Gülnar ilə 2013-cü ildə ailə həyatı qurub, həmin vaxtdan rəsmi nikahda olmaqla 2 övladları var: “Hazırda yaşadığımız evi 2023-cü ildə özüm almışam. Evin alınmasında Gülnarın xalası 30.000 manat köməklik göstərib. Son vaxtlar Gülnar və ailə üzvləri mənim həmin evdən çıxmağımı tələb edib. Evin Gülnarın xalasına məxsus olduğunu bildiriblər”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, yaşadıqları evdə olan zaman yenə eyni mövzu ətrafında Gülnarla aralarında mübahisə baş verib: “Gülnar azyaşlı uşaqların da götürərək valideyinigilə getdi. Gülnarın valideynləri dayısını çağırtdığı üçün dayım ilə birlikdə ora getdik. Gülnar votsap vasitəsi ilə mənə “sənin qəbirdə yatan atan ev alıb verib mənə sən orada qalırsan” səsli mesaj yolladı. Onun bu sözü mənə pis təsir etdiyi üçün iradımı bildirdim. Gülnar kobud cavab qaytardığı üçün əsəbiləşdim, masanın üzərində olan xrustal qəndqabı ilə bir dəfə qoluna zərbə vurdum. Sonra isə Gülnarın valideynləri məni evdən çıxartdı. Mən oradan uzaqlaşaraq getdim”.

İş üzrə zərərçəkmiş Gülnarın sözlərinə görə, son vaxtlar Əmir heç bir yerdə işləməyib, ailəyə maddi köməklik göstərməyib, heç bir səbəb olmadan evdə münaqişə yaradıb: “Hazırda yaşadığımız Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində mənzil xalam tərəfindən alınaraq mənə hədiyyə edildi. Əmir isə boşandığımız halda həmin mənzildən ona da pay ayrılacağını söylədi”. 

Gülnar qeyd edib ki, yaşadıqları evdə Əmirlə ailədaxili münaqişə zəminində mübahisə baş verib: “Mübahisəyə səbəb Əmirə evin xalam tərəfindən alındığı üçün ona pay düşməyəcəyini xatırlatmam olub. Əmir isə mübahisə edərək evin ona məxsus olduğunu iddia etdi. Bundan sonra azyaşlı uşaqlarım ilə birlikdə Masazır qəsəbəsində yaşayan atamın evinə getdim”. 

Gülnar deyib ki, hadisə günü valideynləri yaşadığı ünvanında olan zaman Əmir dayısı ilə ora gəlib: “Dayısı bizi barışdırmağa çalışdı. Əmir yenidən evin xalam tərəfindən alınmadığını, yarı pulu özünün verdiyini söylədi. Buna cavab olaraq Əmirə evin alınmasında onun valideynlərinin heç bir maddi köməklik etmədiyini söylədim. Bundan sonra Əmir üstümə gəldi və mübahisə etməyə başladı. Masanın üzərində olan xrustal qəndqabını başıma vurmaq istədi. Qolumu qabağa verən zaman sol qoluma bir dəfə zərbə ilə vurdu. Sonra isə meyvə qabını mənə tərəf atsa da, qab divara dəyərək qırıldı. Yanımda olan valideynlərim Əmiri sakitləşdirdi və evdən çıxartdılar. Əmir də oradan getdi. Özüm Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdim”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əmirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top