Azərbaycanda Parlament niyə buraxıldı? — Deputat səbəbləri açıqladı

DAXİLİ SİYASƏT 01 iyl 2024, 13:23
"VI çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi 3 ciddi səbəblə bağlıdır".

Bu sözləri Azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin buraxılmasından və yeni seçkilərin keçirilməsindən danışarkən bildirib.


 
Deputat deyib ki, parlamentin buraxılmasının birinci və başlıca səbəbi yeni geosiyasi reallığın və ölkəmizin qədəm qoyduğu keyfiyyətcə yeni inkişaf mərhələsinin tələbidir:
 
"Bu, yeni geosiyasi reallığın və ölkəmizin qədəm qoyduğu keyfiyyətcə yeni inkişaf mərhələsinin tələbidir. Məlumdur ki, Vətən müharibəsi və antiterror tədbirlərində qazanılan zəfərlər Azərbaycan müstəqillik tarixində yeni bir dövr başlatdı. Yeni perioda keçidin təmin olunması üçün isə metodoloji olaraq xalqın seçkilərdə iradə ifadəsi zərurət idi və prosesə Prezident seçkilərindən başlandı. Azərbaycan hüquqi dövlət olduğu üçün qanunvericilik hakimiyyəti ölkənin yeni dövrə uğurlu transformasiyası prosesindən kənarda qala bilməzdi. Ən azı Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından sonra müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində Parlament seçkilərinin keçirilməsi Konstitusiyanın 54, 55, 56 və 71-ci maddələrində təsbit olunmuş hüquq və azadlıqların qanunverici hakimiyyətə seçkilər fonunda təmin olunmasıdır. 

Məlumdur ki, Parlamentin buraxılması tələbi ilə hakim YAP-ın təmsilçiləri çıxış edib. 69 yerlə mütləq Parlament çoxluğunda olan partiyanın deputatlarının yeni seçkilərə getmək tələbi və o cümlədən 21 iyun tarixində Milli Məclisin bu tələbi dəstəkləməsi Milli Məclisin Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etməsi mühiti yaradır ki, bu da Konstitusiyanın 98¹-ci maddəsinə əsasən, növbədənkənar seçkilər üçün əsasdır".
 
Deputat hesab edir ki, növbədənkənar seçkilərin zərurəti mübahisə doğurmur: 

"Nəhayət, məlumdur ki, Konstitusiyaya əsasən, ölkədə noyabr ayında keçirilməsi planlaşdırılan Parlament seçkiləri Azərbaycan tarixinin ən irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi ilə üst-üstə düşür. COP29, Paris və Kioto Sazişlərinin Tərəflər Konfransının keçirilməsinin Azərbaycanın beynəlxalq öhdəliyi olduğunu nəzərə alsaq, eyni vaxtda həm bütün ölkəni əhatələyəcək seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsinin məqsədəuyğun olmadığı aydındır. Bu mənada, növbədənkənar seçkilərin zərurəti mübahisə doğurmur".
 
Millət vəkili AXCP sədri Əli Kərimlinin tənqidi fikirlərinə reaksiya verərək radikal müxalifəti seçkiləri yeni şans kimi görməyə çağırıb:

"Radikal antimilli kəsimin bu istiqamətdə hay-küyünə gəlincə, bu, sadəcə, ucuz populizmdir. Əslində, müxalifət hesab olunan qüvvə yeni seçkilərə yeni şans və iqtidara gəlmək üçün perspektiv imkan kimi baxmalıdır. Lakin, görünən odur ki, Əli Kərimli, Cəmil Həsənli kimi ünsürlər tarixin zibilliyində olduqlarını yaxşı başa düşürlər və anlayırlar ki, hər bir seçki onlar üçün növbəti fiasko deməkdir. Ona görə də diqqəti yayındırmaq üçün məntiqsiz arqumentlərlə gündəmi zəbt etməyə çalışırlar ki, bunun da heç bir əhəmiyyəti yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top