“Neftçi”nin yeni baş məşqçisi bəlli olub

İDMAN 26 iyn 2024, 18:35

“Neftçi”nin baş məşqçisi vəzifəsinə ukraynalı mütəxəssis Roman Qriqorçuk təyin edilib.

Demokrat.az xəbər verir ki, klubdan verilən məlumata görə, təcrübə mübadiləsi məqsədilə beynəlxalq tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olan məşqçi ilə anlaşma əldə edilib. Onunla 2 il müddətinə müqavilə imzalanıb.

Məşqçilik fəaliyyətinə 1998-ci ildə köməkçi məşqçi kimi başlayan, 2000-ci ildən etibarən isə baş məşqçi postunu tutan mütəxəssis Latviyanın “Dinaburq” (1998-2005) və “Ventspils” (2005-2009), vətənində “Metallurq” (2009-2010) və “Çernomorets” (2010-2014, 2021-2024-cü ilin iyun ayınadək), Azərbaycanın “Qəbələ” (2015-2018), Qazaxıstanın “Astana” (2018-2019), Belarusun “Şaxtyor” (2020-2021) klublarında çalışıb.

Təcrübəli məşqçi “Ventspils”dəki fəaliyyəti dövründə klubuna 3 dəfə Latviya çempionluğunu (2006, 2007, 2008), 2 dəfə ölkə kubokunu (2005, 2007) qazandırıb. O, Latviyada ən yaxşı məşqçi adına da layiq görülüb (2009).

R.Qriqorçukun rəhbərliyi ilə Odessanın “Çernomorets” klubu 2010/2011-ci illər mövsümündə Premyer Liqaya çıxıb, 2012/2013-cü illər mövsümündə isə Ukrayna Kubokunun finalçısı olaraq UEFA Avropa Liqasında iştirak etmək hüququ qazanıb və turnirin qrup mərhələsinə yüksəlib, daha sonra isə 1/16 finala vəsiqə qazanıb. Qriqorçukun “Qəbələ”də çalışdığı 3,5 mövsümlük fəaliyyət dövrünü də uğurlu hesab etmək olar. Belə ki, onun başçılığı altında klub Azərbaycan Premyer Liqasının bürünc və gümüş medallarına yiyələnib, ölkə kubokunun finalçısı olub, eləcə də tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə çıxmağı bacarıb və daha sonra bu uğuru təkrarlayıb. O, həmçinin Qazaxıstan Premyer Liqasının və Superkubokunun qalibi etdiyi “Astana” ilə Avropa Liqasının qrup mərhələsində “Mançester Yunayted” üzərində qələbə qazanıb. 2020-ci ildə Belarus “Şaxtyor”unun sükanı arxasına keçib və qısa müddət ərzində klubu ölkə çempionatının və Superkubokunun qalibi edib (azərtac).

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top