Xalqın təhlükəsiziyi üçün öz həyatından keçən Azərbaycan polisi…

SİYASİ 25 iyun 2024, 15:25
Xəzər rayonu Şüvəlan qəsəbəsində polislərimizin qətli ilə nəticələnən hadisə əsas müzakirə mövzularındandır. Əvvəllər dəfələrlə məhkum olmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu odlu silahdan atəş açmaaı nəticəsində polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov həyatlarını itiriblər. Qatil Rövşən Allahverdiyev eyni zamanda qonşusunu da güllələyib.

Bu hadisə müəyyən suallar yaratdı, xüsusilə bir şəxsin üç polis əməkdaşını necə qətlə yetirməsi ilə bağlı. Əslində, Azərbaycanın peşəkar polisləri cinayətkarı yerindəcə zərərsizləşdirə bilərdilər, lakin hər üçü öz həyatlarını qurban verdilər, məhz Allahverdiyevlər ailəsinin yaşaması üçün…

Hadisənin detalları bütün suallara cavab verir. Polis əməkdaşları axtarışda olan Rövşən Allahverdiyevi saxlamaq üçün evinə yollanır. Onunla sivil qaydalar çərçivəsində danışıqlar aparılır, polis bölməsinə dəvət olunur, Rövşən Allahverdiyev də əşyalarını götürmək adı ilə evə daxil olaraq, silahını götürür və öz ailəsini – yaşlı anasını girov kimi istifadə edərək, polislərə atəş açır. 

Məlumatlara görə, Rövşən Allahverdiyev yaşlı anasından sipər kimi istifadə edərək, atəş açıb. Polislərimizin adekvat tədbir görməməsinin yeganə səbəbi də budur. Rövşən cinayətkar olsa da, Allahverdiyevlər ailəsi cinayətkar deyil və Azərbaycan polisi hər bir vətəndaş kimi onların da təhlükəsizliyini qoruyub. Məhz ailəyə zərər gəlməməsi, yaşlı ananın xəsarət almaması üçün silahlarından istifadə etməyiblər. Mülki vətəndaşları qorumaq üçün öz həyatlarını qurban veriblər.

Bütün sualların cavabı bundan ibarətdir. Bu, həm də şərəfli Azərbaycan polisinin fədakarlığının nümunəsidir. Belə hadisələri adətən Hollivud filmlərində görmüşük, polislər girovların həyatını xilas etmək üçün öz həyatlarını qurban verir. Belə filmlərin əsas məqsədi də polislər haqqında müsbət ictimai rəy yaratmaq, xüsusilə Amerika polisinin nüfuzunu yüksəltməkdir. Azərbaycan polisi isə film ssenarisi ola biləcək fədakarlığı öz gündəlik işində göstərir.

Üç polisimiz - Eldəniz Məmmədov, Mahir Ağayev, Mirəli Heydərov öz həyatlarını qurban verməklə mülki vətəndaşlarımızın həyatını xilas etdi, həm də Azərbaycan polisinin nə qədər şərəfli və fədakar olduğunu ispatladı. 

Bu gün Azərbaycan ona görə dünyanın ən təhlükəsiz ölkələrindən biridir ki, polislərimiz gecə-gündüz öz vəzifə borclarını vicdanla, şərəflə yerinə yetirir. İnsanlar təhlükəsiz və rahat yaşasın deyə onlar durmadan çalışır, lazım olanda öz həyatlarından vaz keçirlər, Eldəniz, Mahir və Mirəli kimi...

Onlar qəhrəmandır və bu gün bütün Azərbaycan öz qəhrəmanlarına yas tutur. Bütün Azərbaycan həm də bir daha şahidi oldu ki, polislərimiz xalqın təhlükəsizliyinin keşiyindədir. 

Üç qəhrəmanımızın ruhu qarşısında baş əyir, Azərbaycan polisinə bir daha təşəkkür edirik, bizi qoruduğu üçün, bizim yaşamağımız üçün həyatları bahasına mübarizə apardığı üçün!


Vasif Həsənli
Demokrat.az xəbər portalının rəhbəri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top