Rüsum artırıldı: Bu maşınlar sıradan çıxarılır?

İQTİSADİYYAT 01 okt 2019, 15:56

Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırıldı.

 

Belə ki, 1 yanvar 2020-ci ildən etibarən texniki baxış üçün ödənilən dövlət rüsumu 30 manat olacaq. Bir çoxlarını narahat edən isə qiymətin qalxması deyil, texniki cəhətdən nasaz olan avtomobillərin də asanlıqla texniki baxışdan keçə bilməsidir.

 

Demokrat.az xəbər verir ki, mövzunu Axar.az-a şərh edən yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, rüsumun qaldırılması səbəbsiz deyil və buna ehtiyac var idi:

 

“Texniki baxış rüsumunun artırılması ilə bağlı təklif Milli Məclisə Prezident Administrasiyası tərəfindən göndərilmişdi. Rüsumun artırılması texniki baxışla bağlı maddi texniki bazanın yenilənməsi, əməkdaşların əmək haqlarının normal həddə çatdırılması, eləcə də yeni texniki baxış məntəqələrinin yaradılması ilə əsaslandırılır.

 

Əvvəllər texniki baxış mərkəzi məlumat sisteminə informasiya ötürmək və ya elektron qaydada texniki baxış talonu tərtib etmək, sürücüyə elektron qaydada məlumat vermək və s. yox idi. Ancaq son 1 il ərzində texniki baxışla bağlı qanunvericilik təkmilləşdirilib.

 

İndi vətəndaş növbə gözləməyəcək, əvvəldən özü üçün növbə götürə biləcək, mərkəzi bazaya zəng edərək istədiyi sualı verə biləcək”.

 

E.Muradlı bildirib ki, növbəti ildən nasaz avtomobillər texniki baxış talonu ala bilməyəcək:

 

“Düzdür, bu günə qədər heç baxışdan keçmədən bir qədər yüksək pul ödəməklə texniki baxış talonu almaq mümkün idi. Ancaq son bir aydır ki, bu artıq mümkün deyil. Növbəti ildən bu cür hallar ümumiyyətlə mümkün olmayacaq. Yəni bu dəfə sınıq-salxaq maşınlar belə texniki baxışdan keçə bildilər. Lakin onlara xəbərdarlıq edildi ki, maşında olan bu kimi problemlər növbəti texniki baxışa qədər aradan qaldırılmasa, texniki baxış talonu verilməyəcək”.

 

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, texniki baxışla bağlı müəyyən məqamlar var ki, onlar da dəyişdirilməlidir. Onun fikrincə, bu işi təkcə dövlət deyil, şirkətlər də etsə, yaxşı olar:

 

“Gürcüstanda 89 şirkət dövlətdən texniki baxış keçirmək üçün lisenziya alıb, sürücü bu obyektlərin istənilən birinə gedib doğrudan da texniki baxışdan keçir, özü də bu proses zamanı ödəniş nəğd qəbul edilmir, ancaq xüsusi hesaba pul keçirməklə (küçələrdə olan istənilən aparatdan) texniki baxışdan keçir, növbələr olmur, maşında texniki nasazlıq olanda mütləq aradan qaldırılması tələb edilir”.

 

Həmçinin N.Cəfərli bildirib ki, texniki baxış qəzaların azaldılması üçün profilaktik addımdır və bunu DİN yox, dövlətdən müvafiq lisenziya alan biznes qurumları həyata keçirməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top