Moskvadan Peterburqa səyahət — Yadigar Cəfərli yazır…

ƏDƏBİYYAT 23 iyn 2024, 12:26
(II HİSSƏ)

Ötən aydan bəri, poçtalyonların daşıyıb çatdıra bilmədikləri oxucu məktublarından, aramsız telefon zənglərindən, elektron poçtuma, sosial şəbəkə hesablarıma gələn ismarıclardan bilirəm ki, səyahətnamənin davamını oxumaq üçün xeyli darıxmısınız. 


Bir az vaxt tapan kimi mən yazım, siz oxuyun, oxuyan dostların könlü tox, layk qoyan barmaqları var olsun.

...Deməli, “Bolşaya Qruzinskaya” küçəsi ilə xeyli irəliləyəndən sonra buruldum ara küçələrin birinə. Axtarışlarım həm real, həm virtual aləmdə davam edirdi, adamların çox seyrək göründüyü səkidə gedə-gedə hərdən telefondakı “Островок!” tətbiqini açıb uyğun otel təkliflərinə nəzər yetirirdim. Tərslikdən telefonun enerjisi bitmək üzrə idi. Elə o zaman qət elədim ki, uzaq yerlərə çıxanda çantalarına mütləq “poverbank” qoyanlar nə qədər tədbirli adamlardır. 

Elə bu cür dərin düşüncələrə dalmaqda idim ki, bu dəmdə gördüm səkinin sağ böyründə bir butik otel, içəridəki qeydiyyat masası arxasında da iki cavanəzən. Yaxınlaşıb salam verib əleyk aldıqdan sonra mətləbimi ərz elədim. Dedilər oteldə yer var, qala bilərsiniz. Qiymət bizim pulla gecəsi, təxminən, 65 - 70 manat edirdi. Bu əsnada otel əməkdaşları telefonumun enerji yığmasına şərait yaratdılar. Tətbiqdə gördüyüm başqa otel təklifləri ilə bağlı məsləhətlərini də almaq istədim. Dedilər, burada qiymət büdcənizə uyğun deyilsə, başqa otellərə zəng edib bronlaşdırmanıza kömək göstərək. Taksi də çağıraq birbaşa aparsın ora. Mənəviyyatı alver təfəkküründən yuxarı adamlara dünyanın harasında olur-olsun, rast gəlmək həmişə xoşdur. Ona görə qərara gəldim ki, elə bu gözəl insanların çalışdığı yerdə qalım. 

Xülaseyi-kəlam, oteldə yerbəyer olandan sonra bir az yazı-pozu işlərim vardı, onları tamamladım, sonra küçəyə çıxıb gəzə-gəzə “Barrikadnaya” stansiyasından düşdüm metroya. Hələ bayaq “Kiyevskaya” stansiyasında olanda bizim pulla təxminən 12 manata 3 sutkalıq metro kartı götürmüşdüm. Bu kartla 3 sutka ərzində Moskva metrosunun altından vurub-üstündən çıxacaq, kartın müddəti yetmədiyindən axırıncü gün yenə bizim pulla 5 manat 50 qəpiyə daha bir sutkalıq metro kartı alacaqdım. 

Moskva metrosunun sxemini çox mürəkkəb deyirdilər, düzü, sxemə internetdə baxanda özüm də təlaşlanmışdım ki, adam buralarda əməlli-başlı itib-batar. Ona görə qət eləmişdim, şəhərin mərkəz hissəsini əhatə edən birinci dairəvi xəttin həndəvərindən aralanmayım, yad şəhərdir, nə olar, nə olmaz. Amma Moskvada metro xətlərinin nə qədər planlı çəkildiyini, stansiyaların necə yaxın məsafələrdə yerləşdiyini görəndən sonra əmin oldum ki, heç istəsən də buralarda aza bilməzsən. Çünki yolu bir qədər itirən kimi, dərhal qarşına yeni bir metro stansiyası çıxıb soruşur ki, “Ayə, haryessən, ayə?!” İçəridə də yaşıl və qırmızı xətləri izləyib, xüsusən alt-üst keçidlərə diqqət edib, istədiyin ünvana çox asanlıqla yetişmək olur. Platformada demək olar, gözləmək yoxdur, elə sən çatana qatar da gəlib əyləyir. Vaqonlarsa tam seyrəklik, min get... 

Ona təəccüb edirdim ki, hər  tində bir metrostansiya varkən burada avtomobil sürüb tıxacda qalmaq adamların nəyinə gərəkdir axı. Amma sonra izah etdilər ki, avtomobildən, əsasən, şəhərdən çox kənarlarda işləyənlər istifadə edir.
Metro stansiyalarına daxil olanda əldəki yüklər rentgen yoxlamasından keçir. Mühafizə xidməti əməkdaşları sərnişinlərlə son dərəcə mədəni davranırlar. Hətta təhlükəsizlik zərurəti ilə bağlı sərnişinləri bir qədər yubatdıqlarına görə bəzilərinin simasında azca günahkar ifadə də olur.  

Burada müşahidə etdiyim ən qəribə məqamlardan biri paytaxt sakinlərinin çoxunun öz şəhərlərini yaxşı tanımamaları idi. Birindən hətta Moskvanın məşhur bir məkanını da soruşanda xeyli çətinə düşür. İki saat açır telefonda xəritəni, koordinatlarla axtarır, deyir hə bax, biz indi burdayıq, siz isə bura getməlisiniz. Bunu görəndə adamın qanı bir az qaralır. Yəni, “Nənəmin təndirinin o tərəfi” söhbəti olmadısa, daha bunun nə ləzzəti?! Üstəlik, gənclərin hamısı qulağında qulaqcıq hərlənir, nəyisə soruşmaq üçün gərək əvvəlcə him-cimlə başa salasan, qulaqcığı çıxara ondan sonra sözünü anlaya. Xoş olan cəhətsə odur ki, burada cavanlı-qocalı hamı yeni texnologiyaları çox yaxşı mənimsəyib. Əksəriyyət rəqəmsal həllərdən istifadə edir. 

Çox adamdan eşitmişdim ki, Moskva metrosunda, demək olar, bütün sərnişinlər kitab-jurnal oxuyur. Yaşlı və orta nəslə aid sərnişinlərin çoxunda, həqiqətən, belə idi. Amma nəsil dəyişikliyi burada da öz sözünü deməkdədir. Görürdüm ki, gənc nəslin təmsilçilərinin əksəriyyəti smartfonlarda ya videolara baxır, ya da oyun oynayır. Mütaliədən yavaş-yavaş uzaq düşməyin rus uşaqlarına ziyanlı təsirini bir neçə gün sonra Sankt – Peterburqda F.M.Dostoyevskinin ev muzeyində olanda maraqlı bir epizoddan hiss edəcəkdim. Amma o hissəyə hələ var.

Nə isə mətləbdən çox iraq düşməyim. Metro ilə gəlib çatdım, uşaq vaxtı televizorda çox gördüyüm Qırmızı Meydan səmtinə. Meydanda nəsə tədbir olmuşdumu, ya olacaqdımı bilmirəm, bağlı idi. Hər tərəfi dəmir-dümürlə doldurmuşdular. Proletariatın dahi rəhbəri Vladimir İliç Leninin movzeleyi də qapalı idi. Nikolskaya küçəsinin girəcəyindəki xanım polis əməkdaşından soruşdum, dedi sabah gəlin, səhərdən açıq olacaq. Ona görə ətrafda şəkil çəkdirən, gəzib-dolaşan adamlara qoşulub başladım Nikolskaya küçəsi ilə irəliləməyə. Burası bizim “Tarqovu” kimi bir yerdir. Hər tərəfdə kafe-restoranlar, oxuyan kim, oynayan kim. Yeniyetmə qızlar əcaib-qəraib paltarlarda halay vurub maraqlı rəqslər edirdilər. Biri də onları kənardan kameraya çəkirdi. Deyim ki, müharibə əhvalı heç hiss olunmurdu. Bu cür rəqs dəm-dəsgahını burada sonrakı günlərdə də gördüm. Amma ifaçılar bir gün slavyan simalılar olurdu, başqa gün asiya sifətlilər, sonrakı gün qeyriləri. 

Burada vaxtilə M.V.Lomonosovun 19 yaşında Xolmoqor qəzasının Denisovka kəndindən gəlib özündən xeyli kiçik colma-cocuqlarla təhsil aldığı “Slavyan-yunan-latın” akademiyasının binasının yerləşdiyi məkanı görmək maraqlı bir hiss idi. Lomonosovun burada tələbə olanda düz 5 il necə aclıq çəkdiyini, hər gün cəmi 3 qəpik pul xərclədiyini, bunun da yalnız çörək və kvasa çatdığını yadıma saldım. Bu an özümün də yamanca acdığımı hiss elədim. Böyük alimin xatirəsinə hörmət əlaməti olaraq özümü verdim Nikolskaya küçəsindəki kiçik kafelərin birinə. Qiymətlər elə bizdəki kimi idi. Toqqanın altını alababat bərkidəndən sonra yavaş-yavaş gəldim Aleksandrovski bağı tərəfə. Yolüstü

 Nikolskaya küçəsində durub turistlərlə şəkil çəkdirən Stalinin oxşarı pələbığ eloğlunu da görüb salamlaşıb əhvalpürsanlıq elədim. 

Aleksandrovski bağının girişindəki naməlum əsgərin məzarına çatanda burada qarovul növbəsi dəyişən vədə idi. Adamlar böyük bir məsafədə düzülmüşdülər. Növbə dəyişikliyini dəqiq bir nizamla yerinə yetirən əsgərlərə tamaşa edir, onları videoya çəkirdilər. Böyür tərəfimdə gənc bir bir ailə durmuşdu, atanın boynunda təxminən 3 yaşlarında oğlan uşağı. Eşitdim, uşaq əsgərlərin hərəkətlərinə baxa-baxa atasına deyir ki, ata, onlar niyə elə eləyirlər ki?! Bu, onların həyatında nəyisə dəyişirmi? 

Ata da, ana da uşağın bu sualına gülüb, nəsə cavab verə bilmədilər. 

Mənsə yavaş-yavaş bağın o biri tərəfinə gedib Moskva çayı boyunca “Qırmızı Meydan” metrostansiyasına geri qayıtdım və metroya minib yollandım otelə. 

(Davamı olacaq)


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top