KİV: Si Cinpin fon der Lyayenə ABŞ-nin ÇXR-i Tayvana hücum təhrik etdiyini söyləyib

DÜNYA 16 iyn 2024, 08:55

ÇXR Sədri Si Cinpin Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenə bildirib ki, ABŞ Çini Tayvana hücuma təhrik edib.

“Report”un məlumatına görə, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən xəbər verib.

Onların sözlərinə görə, ÇXR Sədri 2023-cü ilin aprelində AK rəhbəri ilə görüşdə rəsmi Vaşinqtonun Pekini adaya hücum etmək üçün aldatmağa çalışdığını, lakin Çin liderinin ABŞ-nin "tələ"sinə düşmədiyini söyləyib.

Bir mənbənin verdiyi məlumata görə, Si Cinpin eyni xəbərdarlıqları Çin rəsmilərinə bildirib.

ÇXR-in Vaşinqtondakı səfirliyi FT-nin sorğusuna cavab olaraq Çin liderinin açıqlaması barədə məlumatı şərh etməyib, lakin ABŞ-nin Tayvana silah satdığını və adadakı "separatçı qüvvələri" dəstəklədiyini qeyd edib. Ursula fon der Lyayenin nümayəndəsi bildirib ki, AK rəhbəri şəxsi görüşlər barədə məlumatı açıqlamır.

Öz növbəsində Ağ Ev də şərh verməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top