15 iyun — Müstəqillik tarixində dönüş anı

GÜNDƏM 15 iyn 2024, 19:08
Bu gün Azərbaycan xalqının və dövlətinin xilası günüdür. 15 iyun tarixi əbəs yerə Milli Qurtuluş Günü adlandırılmayıb. 1993-cü ilin 15 iyununda Ümummilli lider Heydər Əliyevin Azərbaycan Milli Məclisinin sədri seçilməsiylə dövlətimiz parçalanmaq, xalqımız vətəndaş müharibəsi təhlükəsindən xilas olaraq dövlətin əsaslarının möhkəmlənməsi, ölkəmizin inkişafı yoluna qədəm qoyub. 



Milli Qurtuluş Gününün mahiyyətini millət vəkili, professor Musa Qasımlı Demokrat.az-a belə izah etdi:  



"15 iyun Milli Qurtuluş Gününün mahiyyətini, fəlsəfəsini bilməkdən ötrü mütləq 1993-cü ilə qədərki hadisələrə diqqət yetirmək, təhlil etmək lazımdır. 1988-ci ildən bəri Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsini hələ Sovet hakimiyyəti olmasına baxmayaraq, həm Azərbaycan rəhbərləri, həm də mərkəzi hakimiyyət kəsə bilmədi. Mərkəzi hakimiyyət əslində bu əsassız iddiaları dayandırmaq istəmirdi. 1991-ci ildən sonra Azərbaycan xalqı dövlət müstəqiliyini bərpa edərkən qarşısında daxili və xarici siyasət sahəsində qarşısında bir sıra vacib məsələlərin həlli dayanırdı. Daxildə müstəqil dövlət qurulmalı, planlı sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçilməli, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçid edilməli, ölkənini inkişafının açarını tapmaq lazım idi. Xarici siyasət sahəsində Azərbaycan dövlətinin qarşısında dayanan başlıca vəzifələr dövlət müstəqilliyini tanıtmaq, ölkə daxilində müstəqil dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin etmək, Ermənistanın hərbi təcavüzünü dayandırmaq, 1988-ci ildən başlayan qaçqın və məcburu köçkünlərin problemlərini həll etmək lazım idi. 1991-1993-cü  illərdə bir –birini əvəz edən hakimiyyətlər bu vəzifələri yerinə yetirə bilmədilər. Yəni, ölkə böyük problemlərlə üzləşdi. Ümumi böhran yarandı. Belə bir şəraitdə hakimiyyət ölkə daxilində dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin edə bilmirdi, qonşularla münasibətlər gərgin idi. Ermənistanın hərbi təcavüzü davam edir, ərazilər bir-birinin ardınca işğal olunurdu. Bu zaman Gəncədə hərbi hissədə qiyam baş verdi. Ölkəni, dövləti xarici hərbi müdaxilədən qorumalı olan ordu siyasi intriqalarda bir vasitəyə çevrildi. Bütün bunlar azmış kimi Azəbaycanın şimalında və cənubunda xaricdən dəstəklənən separatçılıq genişləndi. Xalq vətəndaş müharibəsi astanasında dayandı. Azəbaycan xalqının mənəvi-psixoloji böhranı baş verdi. İnsanlar sual edirdilər; ölkəni bu ağır vəziyyətdən kim çıxara bilər, dövlət müstəqilliyinin  itirilməsinin qarşısını kim ala bilər? Xalqın gözləri Naxçıvana – Muxtar Respublika Ali Məclisinin sədri Heydər Əliyevə yönəlmişdi. Azərbaycan xalqının dərin inamına görə, ölkəni bu vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilərdi.  Çünki H.Əliyev hələ sovet dövründə Azəbaycanı qabaqcıl respublikalar cərgəsinə çıxarmış, millətin başını uca etmişdi. Vəzifələrdən çıxarıldıqdan sonra Naxçıvanda ağsaqqal deputat, sonra isə Ali Sovetin sədri olaraq qəbul edilən müstəsna qərarların təşəbbüskarı olmuşdu. Cümhuriyyətin yadigarı olan üçrəngli bayrağımız ilk dəfə Naxçıvanda qəbul edilmişdi. Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın adındakı Muxtar Sovet Sosialist Respublikası ifadələri çıxarılmışdı. O zaman hələ Sovet hakimiyyəti mövcud idi. H.Əliyev Naxçıvanda əhalini birləşdirərək ağır blokada  şəraitində yaşamasına baxmayaraq, təcavüzkar Ermənistana layiqli cavab verərək Naxçıvanı qorumuşdu. Bütün bu amillərə görə xalq hesab edirdi ki, ölkəni bu ağır vəziyyətdən yalnız Heydər Əliyev çıxara  bilər. Xalqın təkidli tələbinə əsasən və Konstitusiyaya uyğun olaraq xalq H.Əliyevi Bakıya dəvət etdi. 15 iyun tarixində H. Əliyevin Milli Məclisin sədri seçilməsi müstəqillik tariximizin dönüş anı oldu. H.Əliyev Ermənistanın hərbi təcavüzünü dayandırdı, dövləti dağılmaqdan xilas etdi, separatçılığın kökünü bir güllə atmadan kəsdi. Ermənistanla atəşkəs əldə olundu. Sonrakı mərhələdə dövlətin dayaqlarının möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı mərhələsi başladı. Bütün bunlar işğal altında olan torpaqlarımızın azadlığı üçün möhkəm əsaslar idi".

Politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, Milli Qurtuluş Günü və Ulu Öndərin Azərbaycan dövlətçiliyinin bərpası prosesində həyata keçirdiyi tarixi missiya 1969-cu ildən başlayır:


"1969-cu ildən etibarən Heydər Əliyev Azərbaycan dövlətçiliyi strategiyasını addım-addım həyata keçirməyə başladı. Bu baxımdan, hesab edirəm ki, Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gələndə dövlət qurmaqdan daha çox qurduğu dövləti xilas etməyə və dövrün tələblərinə uyğunlaşdırmağa gəldi və buna nail oldu. Bu gün hər kəs Ulu Öndəri böyük hörmət və məhəbbətlə anır. Azərbaycan xalqı və dövləti var olduqca Heydər Əliyevin nəhəng tarixi xidmətləri unudulmayacaq, Azərbaycanın əldə etdiyi bütün uğurlarda onun izi görünəcək".

Törə Zeynallı
Demokrat.az


Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top