Gənc oğlan otaq yoldaşına xəsarət yetirdi — MƏHKƏMƏ

HADİSƏ 13 iyun 2024, 18:26
Sumqayıt şəhərində 1988-ci il təvəllüdlü Ramin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı iş yoldaşı Nicata xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Raminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, işi ilə bağlı kirayədə yaşayır və Sumqayıt şəhəri Novxanı ərazisində yerləşən “Kalyon” restoranında ofitsant işləyir: “Nicat mənimlə birlikdə həmin restoranda ofisiant işləyir. Biz birlikdə kirayə tutduğumuz evdə yaşayırıq. Münasibətlərimiz yaxşı olub, aramızda heç bir ədavət olmayıb. Təxminən hadisədən 1 ay əvvəl maddi vəziyyətim yaxşı olmadığından Nicatdan 200 manat borc pul aldım və qaytaracağımı bildirdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra işləməsinə baxmayaraq aldığı pulu geri qaytara bilməyib: “Nicat bir neçə dəfə məndən pulu istəsə də, imkanım olmadığını və qaytaracağımı bildirdim. Hadisə günü, səhər saat 9 radələrində evdə olan zaman Nicat məndən əsəbi halda verdiyi pulu istədi, Nicata Novruz bayramında işlədikdən sonra qaytaracağımı dedim. Bu zaman Nicatla aramızda mübahisə yarandı. Mübahisə zamanı Nicat söyüş söydüyündən ona bir neçə yumruq və təpik zərbəsi endirdim. Sonra da evdən getdim”. 

İş üzrə zərərçəkmiş Nicatın sözlərinə görə, təxminən hadisədən 1 ay əvvəl Ramin ondan 200 manat borc pul alıb: “Daha sonra Ramin bir neçə dəfə məndən pulu istəsə də, Ramin imkanı olmadığın, qaytaracağını bildirdi. Hadisə günü, səhər saat 9 radələrində evdə olan zaman Ramindən pulu istədim. Raminə bayram olmasını və evə pul göndərəcəyimi dedim. Ramin isə mənə kobud cavab verdi. Bu zaman Raminlə aramızda mübahisə yarandı. Münahisə zamanı Ramin məni təhqir etdi. Sonra isə mənə bir neçə yumruq və təpik zərbəsi endrdi. Sonra da evdən getdi. Bundan sonra evdə Raminin gələrək məndən üzr istəməsini gözlədim. Lakin Ramin gəlmədi. Buna görə də polisə gedərək hadisə barədə müraciət etdim”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Raminin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top