“COP29-da Orta Dəhlizin açılması məsələsi gündəmdə olacaq” — Politoloq

COP29 13 iyun 2024, 17:45
Londonda Xəzər Siyasət Mərkəzi tərəfindən Orta Dəhliz mövzusunda konfrans təşkil edilib. Tədbirdə region ölkələrinin Britaniyadakı səfirləri, Londondakı diplomatik korpus, akademik dairələr, iqtisadi və iqlim mütəxəssisləri və media nümayəndələri iştirak edib. Konfransda bildirilib ki, COP29-un Azərbaycanda keçirilməsi Orta Dəhlizin “yaşıl inkişaf”ına təkan verəcək. Tədbirdə həmçinin Orta Dəhlizlə bağlı prioritetlər, COP29 kontekstində dayanıqlılıq və “yaşıl inkişaf”ın təmin edilməsinə dair baxışlar, eləcə də bu xüsusda region ölkələri arasında və digər dövlətlərlə əməkdaşlığın əhəmiyyəti kimi məsələlər müzakirə edilib. 

Politoloq Elşad Həsənov qeyd edib ki, dünyanın nizamı yenidən qurulur, böyük dövlətlər arasında yenidən bölgü aparılır və Böyük Britaniya da dünyanın siyasi mərkəzlərindən biri, hətta  birincisidir.

Ekspert Demokrat.az-a açıqlayıb ki, Böyük Britaniya ABŞ siyasətini də yönləndirib hər zaman: 



“Bu gün həqiqətən yeni iqtisadi yolların çəkilməsi, geo-siyasi, strateji yöndə aparılan işlərə diqqət artıb. Azərbaycanın da hazırkı geo-siyasi vəziyyəti olduqca cəlbedicidir. Cəlbediciliyi artıran həm də iqtisadi arteriyaların Azərbaycan ərazisindən keçməsidir. Orta Dəhlizin Azərbaycandan keçərək Türkiyəyə, oradan Avropaya, həmçinin Asiyaya uzanması çox böyük, meqa layihədir. Böyük dövlətlər də Orta Dəhlizin reallaşmasında maraqlıdırlar. Orta Dəhlizin açılması bir çox ölkələrin iqtisadi maraqlarına cavab verir. Təsəvvür edin ki, bu layihə Asiyanı, Avropanı əhatə edir. Hətta ABŞ-nin də burada iqtisadi maraqları var. Ermənistanın siyasi rəhbərliyi məsələnin həllini müxtəlif bəhanələrlə uzadırdı. 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatda həmin yolun təhlükəsizliyinin Rusiyaya həvalə olunmasından Ermənistan narazı idi. Amma Ermənistanın istəyib-istəməməsindən asılı olmayaraq bu yol, onsuz da açılacaq. Ermənistandakı destruktiv qüvvələr buna mane olmağa çalışır. Amma son zamanlar görünür ki, Paşinyan hakimiyyəti daha real düşünməyə başlayıb. Paşinyan bildirdi ki, kommunikasiya yolları açıla bilər. Hesab edirəm ki, bu, Ermənistan üçün də yeni bir mərhələ olacaq”. 

Elşad Həsənov Azərbaycanın ev sahibliyi edəcəyi COP29 zamanı da Orta Dəhlizin açılması məsələsinin gündəmdə olacağını dedi: 

“COP29 zamanı bütün qlobal məsələlər müzakirəyə çıxarılacaq və bir çox məsələlərin həllini tapacağımız da mütləqdir. O cümlədən, Orta Dəhliz, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, regionu, dünyanı əhatə edən nəhəng layihələrin icrası, “yaşıl enerji”nin inkişafı, bütün bu məsələlər dünyanın böyük dövlətlərinin iştirakı ilə müzakirə ediləcək və həllini tapacaq. Biz artıq görürük ki dünya dövlətləri Azərbaycanın “yaşıl enerji” çağırışına səs verir. Hesab edirəm ki, COP-29 çərçivəsində Orta Dəhlizin açılmasıyla bağlı xüsusi qərarlar da qəbul ediləcək. Bu dəhlizin açılması Azərbaycandan daha çox Ermənistana və digər ölkələrə lazımdır, bütün dünya üçün gərəkli, vacib bir layihədir.Düzdür, Ermənistandakı destruktiv qüvvələr buna mane olmağa çalışır, amma hesab edirəm ki, bu ölkənin hazırkı siyasi rəhbərliyi doğru qərarlar verə biləcək. Yaxın zamanda biz Naxçıvanla həm dəmir yolu xəttinin, həm də şose yolunun açılmasına şahid olacağıq”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top