“Turan birliyinin yaranması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir” — Hərbi ekspert

GÜNDƏM 10 iyn 2024, 13:41
 “Azərbaycanla Qazaxıstan arasında ikitərəfli hərbi əməkdaşlığın uzun tarixi var. Bu əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub və bir çox sahələri – hərbi, hərbi-texniki, hərbi-səhiyyə, hərbi-təhsil istiqamətlərini özündə birləşdirir. İki dost ölkə arasındakı münasibətlər inkişaf edən dinamika nümayiş etdirir”. 

Bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, artıq Azərbaycan, Türkiyə, Qazaxıstan kimi aparıcı dövlətlərin qəbul etdiyi qərarlar əsasında ölkələrimiz arasındakı əməkdaşlıq yeni bir mərhələyə qədəm qoyub: 

“Azərbaycan öz üzərinə düşən vəzifələri, o cümlədən TÜRKPA-ya rəhbərliyi uğurla davam etdirir. Digər türk dövlətləri ilə əməkdaşlığın daha üstün səviyyəyə çıxarılması, yəni Turan birliyinin yaranması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. 

Bu əməkdaşlıq qardaş ölkələrin həm təhlükəsizliyinin yüksək səviyyəyə çıxarılması, həm də müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Hər iki ölkənin birgə əməkdaşlığı hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin gücləndirilməsinə xidmət edəcək. Bu məqsədlə birgə hərbi təlimlərin keçirilməsi nəzərdə tutulur. Bundan başqa görüşdə iki ölkə arasında digər sahələrdə də əməkdaşlıq barəsində fikir mübadiəsi aparılıb və bir sıra sənədlər imzalanıb. Həmin sənədlərdən irəli gələn məsələlərin həyata keçirilməsini qarşıdakı aylarda görəcəyik”.

Qeyd edək ki, Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 7-də Azərbaycana rəsmi səfər edib. Ruslan Jaksılıkovun azərbaycanlı həmkarı Zakir Həsənovla görüşündə hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Görüşdə hər iki ölkənin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsi məqsədilə birgə təlimlərin keçirilməsinin mühüm olduğu da qeyd olunub.İki ölkə arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top