Sertifikasiya balı yüksək olan müəllimlər direktor ola biləcək — YENİLİK

GÜNDƏM 07 iyn 2024, 15:30
Direktorların işə götürülməsi ilə bağlı yeni yanaşma hazırlanır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib ki, sertifikasiya imtahanlarında uğur qazanan və yüksək bal toplayan müəllimlərin nəticələri nəzərə alınmaqla direktor və direktor müavini olmaq üçün nəzərə alınacaq.

Yeniliyə Demokrat.az-a açıqlamasında münasibət bildirən təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, bu və ya digər məsələlər sertifikasiyadan qaynaqlanır:



“Uzun müddət işləyən bəzi müəllimlər var ki, onlar müxtəlif yollarla məktəblərə qəbul olmuşdular. Bunun bir hissəsi korrupsiya ilə bağlıdırsa, bir hissəsi də sosial qayğının nəticəsi idi. Birinci Qarabağ müharibəsində xeyli vətəndaşımız məcburi köçkün düşdü. Onları işlə təmin etmək lazım idi. Müəllimləri də məktəblərə yerləşdirdilər. O vaxt MİQ imtahanı yox idi. İndi isə müəllimlərin sertifikasiya imtahanlarına cəlb olunması vacibdir. Biz yaxşını pisdən ayırmalıyıq. Heç kim istəməz ki, onun övladına zəif potensiallı müəllim dərs desin. Sertifikasiya həm də yaşı 65-dən yuxarı olan, lakin qalıb dərs demək istəyən müəllimlərin xeyrinədir”. 

Ekspert qeyd edib ki, direktorların işə qəbulu ilə bağlı xüsusi imtahan var: 

“Hazırda yeni bir mexanizm də hazırlanır. Sertifikasiyadan yüksək nəticə göstərən müəllimlər gələcəkdə direktor və ya direktor müavini seçimlərində nəzərə alınacaqlar.  Bunu müsbət dəyərləndirməliyik. Çünki həm müəllimlərin xeyrinədir, həm də sertifikasiyanın mahiyyətini özündə əks etdirir. Deyərdim ki, sertifikasiya müasir təhsil sisteminin ən böyük nailiyyətidir. Keçən il 743 müəllimin əmək fəaliyyətinə sertifikasiya nəticəsində xitam verilib. Hansı ki, həmin müəllimlər ixtisaslarını elementar səviyyədə belə bilmirdilər. Direktor və direktor müavinlərinin işə qəbulunda yeni standartlar, yanaşmalar hazırlanır. Bu da sertifikasiya balı yüksək olan müəllimlərin direktor və ya direktor müavini olmasına şərait yaradacaq”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top