Uşaqların qayğı ilə əhatə olunması dövlət strategiyasında mühüm yer tutur

GÜNDƏM 01 iyun 2024, 20:52
“Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Bizim xalqımızın ən nəcib, ən gözəl xüsusiyyətlərindən və ulu babalarımızdan bizə qalmış ənənələrdən biri də odur ki, Azərbaycan xalqı həmişə uşaqsevər olmuşdur”. Bu sözləri ümummilli lider Heydər Əliyev 1998-ci ilin 1 iyun tarixində - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətiylə təbrik nitqində söyləmişdi.Ulu öndər qeyd etmişdi ki, biz Azərbaycanın gələcəyini bugünki uşaqlara tapşırırıq: “Mən əminəm ki, bugünkü uşaqlar, bugünkü Azərbaycan gəncləri Azərbaycanın xoşbəxt gələcəyini təmin etməyə qadirdirlər. Əminəm ki, bugünkü uşaqlar, gənclər öz üzərlərinə düşən vəzifələri dərk edə bilirlər. Uşaqlar, gənclər təhsil ilə, həyatın müxtəlif sahələrində öz istedadlarından istifadə etməklə, öz iradəsi, bacarığı ilə müstəqil Azərbaycanın xoşbəxt gələcəyini təmin edə biləcəklər”. Ulu öndərin illər öncə söylədiyi fikirlər bu gün öz təsdiqini tapır. Heydər Əliyev kursunun layiqli davamçısı, Azərbaycan Repsublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uşaqların müdafiəsi, onların sağlam inkişafı xüsusi dövlət proqramları ilə yerinə yetirilir. Ölkənin birinici xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və rəhbərlik etdiyi qurumun fəaliyyətində də uşaqlara xüsusi qayğı daim görünür. Məhz bu qayğınını nəticəsidir ki,bu gün – 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətiylə Heydər Əliyev Fondunun təşkilatıçılığı ilə bir sıra tədbirlər həyata keçirilib. Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Sevincini bölüş” kampaniyası çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti aksiya keçirilib. IDEA-nın təşəbbüsü ilə şəhərin müxtəlif yerlərində qoyulmuş oyuncaq ianə qutularından toplanan istifadəyə yararlı oyuncaqlar həssas qruplardan olan uşaqlara mütəmadi olaraq təqdim edilir. 1 iyun tarixində təşkil olunan aksiya çərçivəsində həmin qutulara toplanılan oyuncaqlardan ibarət 61 hədiyyə qutusu “Ümid yeri” uşaq sığınacağının azyaşlı sakinlərinə paylanılıb. IDEA İctimai Birliyi xüsusi qayğıya ehtiyacı olan uşaqların sevincinə səbəb olan, onlara təbəssüm bəxş edən, bayram ab-havası yaradan həmin təşəbbüsə dəstək verən və kampaniyanın uğurla həyata keçməsində fəal olan hər bir iştirakçıya minnətdarlığını bildirib. IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib. Zooloji Park və Bakı Abadlıq Xidmətinin əməkdaşlığı ilə təşkil olunan “Gələcək uşaqlara məxsusdur” adlı şənlikdə 2 nömrəli ümumi təyinatlı, 4 nömrəli xüsusi, 8 nömrəli sanatoriya tipli və 12 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərindən ümumilikdə 350-dən çox uşaq iştirak edib. Musiqi sədaları ilə müşayiət olunan və gün boyu davam edən tədbir qonaqlarda xoş əhvali-ruhiyyə yaradaraq unudulmaz günlərdən birinə çevrilib. Zooloji Parkın müxtəlif məntəqələrində ziyarətçilər oyunlara və yarışlara qatılaraq hədiyyələr qazanıblar. Sehrbaz və cizgi film personajlarının iştirakı şənliyi daha da rəngləndirib, qonaqların diqqətini müxtəlif viktorina və maraqlı oyunlara cəlb edib. Ziyarətçilər öz maraq dairələrinə uyğun seçim edərək, təbii parçalardan oyuncaqların hazırlanması, ekoçantaların zoomorf ornamentləri ilə bəzədilməsi, rəsm çəkmək, gips lövhələrinin rənglənməsi kimi müxtəlif ustad dərslərinə qatılıb, üz boyamada iştirak ediblər. Eyni zamanda, uşaqların maariflənməsi üçün onlara Zooloji Parkın lektoriyasında heyvanların həyat tərzini özündə əks etdirən cizgi filmləri, onların biologiyası haqqında təqdimatlar nümayiş edilib. Açıq havada heyvanların xarici quruluşları ilə bağlı geniş məlumat əldə edən kiçik ziyarətçilərə heyvanlarla yaxından təmasda olmaq, qulluq etmək və onlara qayğı göstərmək şansı verilib, həmçinin IDEA Heyvanlara Qayğı Mərkəzinin təşkilatçılığı ilə himayə guşəsi təşkil olunub.



“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Demokrat.az-a açıqlamasında rəhbərlik etdiyi sığınacaqdakı uşaqların vəziyyətindən danışdı: 



- Sığınacağa yerləşdirilən qadınlardan elələri var ki, övladları da onlarla bilrikdədir və bu uşaqların da təhlükəsizliyi təmin edilir. Onların asudə vaxtlarını səmərəli keçirməsi, müəyyən vərdişlərə yiyələnməsi, istedad və bacarıqlarını realizə edə bilmələri istiqamətində iş aparılır. Dövlətin və vətəndaşların, cəmiyyətin dəstəyi sayəsində hazırda sığnacaqda uşaqlarla bağlı heç bir çətinliyimiz yoxdur. Düzdür, bu müxətlif qurumlara müraciətlər sayəsində olur. Əgər müraciət ediriksə, dövlət qurumları, eləcə də icitmai təşkilatlar köməklərini əsirgəmir. Sığınacaqdakı uşaqların sağlamlıq, təhsil, təhlükəsizlik problemləri də çevik həll olunur. Dövlət orqanları da üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər. Bu istiqamətdə də irəliləyiş hiss olunur. Uşaq hüquqları ilə bağlı qanun layihəsi artıq aidiyyəti qurumların rəy mərhələsindədir. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda elmi-praktiki konfransda çıxışı zamanı qeyd etmişdi. Komitə çətin vəziyyətdə olan uşaqlarla bağlı mütəmadi məlumatları mediadan da əldə edir. Bəzən urbanizasiyanın nəticəsində aşkar olunmayan, amma dəstəyə ehtiyacı olan uşaqlarla bağlı məlumatlar yayılır. Onların çoxu qeydiyyatsız evlərdə, gecəqondularda yaşayırlar. Ona görə rayon icra hakimiyyətlərinin yerlərdəki nümayəndələrinin daha fəal olması vacibdir. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” əsasında mühüm sənədlərin qəbulu da nəzərdə tutulur. Artıq iki sənəd qəbul olunub. Bunlar fövqəladə hallarda, pandemiya və sair durumda uşaqların təhsilə və digər sosial xidmətlərə əlçatanlıqda bərabərliyinin təmin edilməsi və xarici ölkələrdəki yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyasi haqqında sənədlərdir. Bu onu göstərir ki, dövlətimiz uşaqların qayğı ilə əhatə olunması, sağlam inkişafı üçün gərəkən işləri yerinə yetirir.  

Sosioloq Lalə Mehralı da 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətiylə fikirlərini Demokrat.az-a açıqlayıb: 


- Qanunlarda hər şey müfəssəl formada yazılıb. Uşaqların fiziki və mənəvi inkişafına qayğı məqsədilə dövlət tərəfindən xüsusi müəssisələr təşkil edilib. Lakin həmin müəssisələrin fəaliyyəti barədə sonradan heç bir araşdırma aparılmayıb. Uşaq yaradıcılıq mərkəzlərinə publik hüquqi şəxs statusu verildi. Burada bir çox məşğuliyyət növü var idi və dövlət tərəfindən pulsuz təşkil olunurdu. Lakin bu ilin sonundan artıq ödənişli əsaslarla fəaliyyət göstərəcək, çünki bu müəssisələr artıq özü-özünü maliyyələşdirəcək. Bu da uşaqların əlavə məşğuliyyətlərə əlçatanlığını məhdudlaşdırır. Kimin pulu varsa o göndərə biləcək uşağını bu mərkəzlərə. Bakının hər rayonunda gənclər evi var. Maraqlıdır nə qədər gənc faydalana bilir oradakı imkanlardan?.. Uşaqların fiziki və mənəvi inkişafını təmin etmək həm də maddiyyatla əlaqəlidir. Əgər valideynin maddi durumu aşağıdırsa övladına əlavə imkanlar  yarada bilməyəcək. Çünki hər gün bahalaşan yaşam şərtləri buna imkan vermir. Uşaqpulu belə vəziyyətdə ailələrə böyük dəstək olardı. Hər uşağa kiçik məbləğ, məsələn, 100 manat ayrıla bilər. Ailədə üç uşaq varsa, 300 manat o uşaqların əlavə məşğuliyyətlərinə kifayət edə bilər. Onsuz da valideyn uşağın qidalanma, geyim, təhsil xərclərini özü qarşılayır. Dövlət tərəfindən ayrılan məbləğ də ailə büdcəsinə dəstək ola bilər. Təəssüf ki, hökumət hələ də uşaq pulu məsələsində yekun nəticəyə gələ bilmir. Belə olan halda uşaqların hüquqlarının qorunması üçün görülən işlər də gözə görünməyəcək. Çox uşaqlı ailə meyarlarına təkrar baxılmalıdır. Hazırda 6 uşaq olan ailələr çoxuşaqlı sayılır. Amma mövcud sosial-iqtisadi durum dərindən təhlil edilərsə üç uşaqlı ailə çoxuşaqlı sayılmalıdır və hər ailəyə uşaq pulu verilməsi də bərpa olunmalıdır. Bu halda ailələr daha da güvəndə olar və uşaqlarının sağlam inkişafını təmin edə bilərlər. 

Törə Zeynallı 
Demokrat.az

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top