"“Made in Turan” istehlakçıların rəğbətini qazanmalıdır" — AÇIQLAMA

GÜNDƏM 27 may 2024, 14:59
 “Dünya ölkələrinin tanınmasında brendlərin xüsusi rolu var. Hansısa texnika Yaponiya istehsalıdırsa, artıq alıcıda ona maraq yaranır və ya tekstil, geyim sənayesində İtaliya brendləri xüsusilə seçilir. “Made in Turan” markası kütləvi informasiya vasitələrinin nəzarəti altında kollegial, demokratik və açıq şəkildə təqdim olunarsa, bu markanı bütün dünyada təşviq etmək olar”. 

Bunu Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun fikrincə, əsas məsələ odur ki, burada pul təmənnası olmasın: 


“Bu təşəbbüsü müsbət dəyərləndirirəm. “Made in Turan” brendini təkcə mallara deyil, otellərə, turizm şirkətlərinə də vermək olar. Dünyada müsəlman olmayan insanlar belə halal qida məhsullarına 3 trilyon dollar pul xərcləyirlər. Təkcə elə halal məhsullarla “Made in Turanı” bütün dünyada tanıtmaq olar. Gərək bu brend özünü doğrultsun, istehlakçıların rəğbətini qazansın. Dünyanın nəinki iqtisadi, hətta siyasi mənzərəsinin dəyişməsində istehlakçıların böyük rolu var. Təsadüfi deyil ki, dünyada bu sahədə ən gözəl nümunələrdən biri Mahatma Qandinin Hindistanda müstəmləkəçiliyə istehlakçıların İngiltərə mallarını boykot etməklə son qoymasıdır. Bununla dünya tarixində ilk dəfə imperiyasının çökdürülməsi dinc yolla baş tutdu”.

Xatırladaq ki, mayın 2-3-də Bakıda “2024-cü il Türkdilli Dövlətlərin İqtisadi Forumu” keçirilib. Mayın 17-də isə Qazaxıstanda Azərbaycanın təşəbbüsü ilə türk dünyası markalarını birləşdirən “Made in Turan” brendi yaradıldı. “Made in Turan” markası Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin istehsal etdiyi məhsulların vahid markalaşmaya keçid etməsi deməkdir.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top