Beynəlxalq ictimaiyyət Ermənistanın müharibə cinayətlərini görməzdən gəlir — Deputat

GÜNDƏM 23 may 2024, 20:06
30 illik işğal dönəmində Ermənistan Qarabağ və Şərqi Zəngəzura ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırmışdır. Möhtərəm Prezidentin ötən ilin may ayında ifadə etdiyi kimi, “Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər”. Minalanmanın yollar, qəbiristanlıqlar, mülki təyinatlı digər obyektlərdə tələ xarakterli həyata keçirilməsi prosesin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətlərinin tərkib hissəsi kimi həyata keçirildiyini göstərir. Üstəlik, Ermənistan tərəfindən minaların xəritəsinin hələ də Azərbaycana təqdim olunmaması, bir sıra Qərb dövlətlərinin və aidiyyəti beynəlxalq təsissatların isə prosesdə məqsədli hərəkətsizliyi bu cinayətlərin daha geniş miqyasda mütəşəkkil mahiyyət daşıması deməkdir". 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, Ermənistanın bu cür "cəsarətli" davranışının kökündə də  ilk növbədə məhz beynəlxalq ictimaiyyətin Ermənistanın müharibə cinayətlərini görməzdən gəlməsi dayanır:

"Ayrı-ayrı psevdo siyasilərin müdafiəsinə qalxan, muzd qarşılığında separatizmə dəstək verən, korrupsiya yuvası Avropa Parlamenti, qeyri-adekvat davranışlar sərgiləyən radikal kluba çevrilmiş AŞPA bir dəfə də olsun İrəvanın müharibə cinayətlərinə münasibət bildirməyib. Əksinə, Fransa və ABŞ-nin simasında biz Azərbaycanın suveren haqlarını görməzdən gələn ləyaqətsiz formada çağırışlar eşidirik ki, bu da Qərbin açıq formada terror və müharibə cinayətlərinə ortaqlığı deməkdir. Məhz bu yanaşma postmüharibə dövründə 400-ə yaxın insanın davam edən müharibə cinayətlərinin qurbanına çevrilməsinə, tələfatların isə gündən-günə artmasına səbəb olmaqdadır".

B.Məhərrəmov onu da qeyd edib ki, mina təhdidinə baxmayaraq bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa prosesini həyata keçirməkdədir və Böyük Qayıdışın təhlükəsiz formada təmini üçün minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu ölkənin daxili resursları hesabına aparılır:

"Digər tərəfdən,  Prezident İlham Əliyev münaqişələrin və mina fəsadlarının artmasını nəzərə alaraq humanitar minatəmizləmənin BMT-nin Qlobal 18-ci DİM-i kimi təsis edilməsi təşəbbüsü ilə çıxış etmiş, Azərbaycan özü humanitar minatəmizləməni Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan etmişdir. Baxmayaraq ki,  bu yalnız Azərbaycanın problemi yox, bəşəri məsələdir və dünya ictimaiyyəti də aydın formada mövqe ifadə edərək, məsələyə diqqət yetirməyə borcludur".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top