Bərdədə sərxoş kişi arvadını döydü — TƏFƏRRÜAT

HADİSƏ 22 may 2024, 12:38
Bərdə rayonunda 1990-cı il təvəllüdlü Mənsur ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı İnarəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 28-də Bərdə şəhəri, Səməd Vurğun küçəsində evlərdən birində baş verib. 

Mənsur fərdi yaşayış evində arvadı İnarə ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı onun sifət nahiyəsinə bir dəfə qəsdən əlinin iç nahiyəsi ilə vuraraq xəsarətlər yetirib. 

Hadisəni törədən Mənsurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mənsur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur: 

“Zərərçəkmiş İnarə həyat yoldaşımdır. Bizim birgə nigahımızdan 2 azyaşlı uşaqlarımız var. Həyat yoldaşım ilə əvvəllər münasibətlərimiz yaxşı olub. Lakin son vaxtlar spirtli içki içdiyimə görə aramızda mübahisələr baş verməyə başladı. Həyat yoldaşım mənim spirtli içki içməyimə görə öz narazılığını bildirdi və buna görədə münasibətlərimiz korlandı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, axşam saatlarında Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən bazardan öz yaşadığı evə gedib: 

“Həmin vaxt həyat yoldaşım İnarə və anam evdə olublar. Onlar evdə olarkən arvadım ilə aramızda sözlə mübahisə baş verdi. İnarə  onunla maraqlanmadığımı bildirdi. Buna görə də mübahisə etməyə başladı. Mübahisə zamanı əlimin içi ilə İnarənin sifət nahiyəsinə bir dəfə zərbə ilə vurdum. Bu zaman İnarə yerə yıxıldı. Həmin vaxt İnarənin burnundan qan axdığını gördüm. Bu zaman anam məni sakitləşdirərək evdən çıxmağımı tələb etdi. Buna görədə yaşadığım evdən həyətə çıxdım. Daha sonra həyətdən çıxaraq kafeyə pivə içməyə getdim. Kafedə təxminən 1-2 saat oturub pivə içdikdən sonra öz yaşadığım evə qayıtdım. Həmin vaxt mənə məlum oldu ki, İnarənin atası bizə gələrək onu öz yaşadıqları evə aparıb. Mənim İnarəyə xəsarət yetirməyim ilə bağlı şikayət edib. Mən etdiyim əməldən peşmanam”.

İş üzrə zərərçəkmiş İnarənin sözlərinə görə, son vaxtlar Mənsur mütamadi olaraq spirtli içki qəbul etməsi səbəbi ilə aralarında mübahisələr baş verməyə başlayıb və bununla da münasibətləri korlanıb: 

“Hadisə günü, saat 21 radələrində qaynanam Südabə və iki azyaşlı uşaqlarım ilə birgə öz yaşadığım evdə təmizlik işləri apardım. Həmin vaxt ərim Mənsur həyətdən evə daxil oldu. Söhbət əsnasında Mənsurun spirtli iki qəbul etdiyini və sərxoş vəziyyətdə olduğunu gördüm. Həmin vaxt Mənsur məndən pul verməyimi istədi. Lakin pulumun olmadığını bildirdim. Buna görə də aramızda mübahisə baş verdi. Mübahisə zamanı Mənsur üstümə gəldi, əlinin iç nahiyəsi ilə qəsdən burun nahiyəmə vuraraq xəsarət yetirdi. Həmin zərbənin nəticəsindən özümü itirərək yerə yıxıldım. Burnumdan qan axmağa başladı. Həmin vaxt evdə olan qayınanam üstünə gedərək Mənsurun evdən həyətə qovaladı. Mənsur da həyətdən getdi. Bundan sonra atama zəng edərək ərim Mənsur burun nahiyəmə qəsdən vuraraq xəsarət yetirməsi barədə məlumat verdim. Həmin gün axşam atam bizə gələrək mənə ilkin tibbi yardım göstərilməsi üçün Bərdə rayon Mərkəzi xəstəxanasına apardı. Sonra isə baş vermiş hadisə barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdi”. 

Bu cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Mənsurun barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top