Bakıda qazıntı zamanı boru partlayıb, evləri su basıb

HADİSƏ 21 may 2024, 23:14
Bakıda çoxmənzilli yaşayış binasının qarajına su çəkmək üçün aparılan qazıntı işləri zamanı boru partlayıb. Nəticədə ətrafda yerləşən evləri su basıb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Bakının Xətai rayonu, Ukrayna dairəsinin yaxınlığındakı 9-cu Əhmədli küçəsindən gedir.

Sakinlər iddia edirlər ki, "SR Construction" MTK onları yaşadıqları evlərdən köçürmək məqsədilə ya məhəllləyə gedən su borusunu partladıb, ya da tikintidə təhlükəsizlik qaydalarını kobud şəkildə pozur. Sakinlər onu da iddia edirlər ki, onların damının üzərində ağırtonnajlı yükqaldırıcı kranlardan istifadə edilir. Məhəllə sakinləri deyirlər ki, dəfələrlə yaşadıqları həyətlərə tikinti materialları da atılıb, məhəlləyə sakinlərin öz vəsaiti hesabına çəkdikləri asfalt örtüyü dağıdılıb.

Sakinlərdən biri, Zümrüd Hüseynova deyir ki, MTK onları bezdirərək evlərindən çıxarmaq istəyir.

Onun fikrincə, sözügedən MTK-da rəhbərlik dəyişib, bundan sonra məhəllə sakinlərinin ərazidən köçürülməsi məsələsi arxa plana keçib. İndi isə MTK sakinləri məhkəməyə verib.

Su borusunun təmiri üçün MTK-ya müraciət edilsə də, sakinlərin şikayətinə məhəl qoyulmayıb.

İddialara aydınlıq gətirmək məqsədilə şirkətin rəsmiləri ilə görüşmək istədik, amma onlar danışmaq istəməyərək ərazidən uzaqlaşdılar.

Qeyd edək ki, partlayan su xətti "Azərsu" ASC-nin əməkdaşları tərəfindən təmir edilərək evlərə suyun axmasının qarşısı alınıb.

"Azərsu"dan "Xəzər Xəbər"ə bildirildi ki, əgər MTK növbəti dəfə su borusunu zədələyərsə, onlara bildiriş təqdim ediləcək və təmiri həmin şirkət qarşılamalı olacaq.

Ətraflı süjetdə:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top