"Qadınlar karyera qurarkən sanki çəkinirlər, düşünürlər ki..." — AÇIQLAMA

GÜNDƏM 21 may 2024, 16:34
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva ölkədə rəhbər işçilər arasında qadınların sayının az olduğunu deyib. O qeyd edib ki, bir neçə yer istisna olmaqla icra nümayəndiklərində bir dənə də olsa icra nümayəndəsi qadın yoxdur: “Amma kəndi qadından daha yaxşı tanıyan şəxs ola bilməz. Bundan başqa, dövlət qurumları var ki, orada kişilərin sayı çoxdur. Hesab edirəm ki, rəhbər işçilər arasında qadınların olması daha yaxşı olardı”,- deyə J.Əliyeva bildirib.

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva da deputatın fikirlərinə qatılıb. O, Demokrat.az-a açıqlamasında deyib ki, son illərdə karyera qurmaq istəyində olan qadınların sayı artdıqca dövlət qurumlarında da qadın rəhbər işçilərin sayında fərq nəzərə çarpır:



“Amma yenə də dövlət qurumlarında qadınların sayı kişilərlə müqayisədə çox azdır. Ölkədə bir qadın nazir də yoxdur. Hakimlərin də arasında qadınlar azlıq təşkil edir. Yalnız səhiyyə və təhsil sahələrində qadınların sayı üstünlük təşkil edir.  Özəl sektorda da qadınların sayı kişilərdən azdır. Qadınlar kiçik bizneslə məşğul olsalar da böyük biznesə başlamağa risk etmirlər və ya ola bilər ki, maneələrlə rastlaşırlar. Bunu da araşdırmaq lazımdır”. 

Ekspertin fikrincə, qadınlar karyera qurarkən sanki çəkinirlər: 

“Düşünürlər ki, barələrində xoşagəlməz fikirlər yarana bilər. Ona görə də qadınlar müəyyən bir pilləyədək yüksəlir, daha irəliyə isə addım ata bilmirlər. Hətta bəzi qadınlar hansısa işlərin həllində kişiləri özlərindən daha bacarıqlı hesab edir, müəyyən vəzifələrdə yalnız kişilərin çalışa biləcəyini düşünürlər. Lakin düşünürəm ki, qadınlar onlara həvalə edilən vəzifələrin öhdəsindən daha yaxşı gəlirlər, nəinki kişilər. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Yaxşı olar ki, seçkilərdə daha çox qadın namizəd təmsil olunsun. Müşahidələrimə əsasən deyə bilərəm ki, bələdiyyələrdə qadınlar daha çox olanda insanların müraciətlərinə daha həssas yanaşırlar, onların problemləri daha tez həllini tapır. Qadınlardan daha çox təkliflər eşidirik”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top