"Paşinyan həm Qərbdən, həm də Rusiyadan yararlanmaq istəyir"

GÜNDƏM 07 may 2024, 20:30
 Paşinyan bugünkü mətbuat konfansında bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabr ayına qədər imzalana bilər. Ermənistan Baş naziri həmçinin XİN rəhbərlərinin Almatıda keçiriləcək görüşünün yekunlarına dair irəliləyişə ümid edir. Deyilən vaxta qədər sülhün əldə olunacağının mümkünlüyünə dair  politoloq Elşad Həsənov Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, son zamanlar görülən işlər sülh müqaviləsinə nə qədər yaxın olduğumuzu göstərir:

“Danışıqlarda Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya komissiyalarının 8-ci görüşündə əldə olunmuş razılığa əsasən, Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı. Artıq sərhəd dirəyi basdırılıb. Bu işlər də yaxın müddətdə, mayın 15-nə qədər bitməlidir. Bu məsələ ilə də əlaqədər Ermənistanda olan müxalif qüvvələr, 5-ci kolonun üzvləri, Rusiya yönümlü qüvvələr artıq baş qaldırıblar. Paşinyana qarşı, indiki hakimiyyətə qarşı olan qüvvələr güclənirlər, dirçəlirlər.

Eyni zamanda Rusiya ilə Ermənistan arasında münasibətlər kəskindir. Ermənistan Rusiyanın çağırışlarını cavab vermir, KTMT-nin tədbirində iştirak etmir. Qərb yönümlü siyasət aparır. Bu da Rusiyanı qıcıqlandırır. Hətta bu gün prezidentin andiçməsinə belə Paşinyan getmədi. Buna baxmayaraq sabah Putinlə görüşəcək".

Ekspert bildirib ki, bu görüşdən sonra çox şey aydın olacaq:

"Paşinyan Putinlə görüşdən sonra əvvəlki Qərb yönümlü siyasətini Rusiya yönünə çevirə bilər. Ermənistan xüsusilə də Gürcüstan və İranla münasibətlərini daha da yaxşılaşdırmalıdır. Azərbaycan və Türkiyə ilə münasibətlərini qaydaya qoymalıdır. Ermənistan düşmənçəlik ritorikasındab əl çəkməli və gələcəkdə bunu sıfırlamalıdır. Bu, çox vacib bir çağırışdır. Təbii ki, Moskva artıq düyməni basıb, Ermənistandakı Moskva yönümlü adamlar Paşinyanın əleyhinə olan qüvvələr artıq ayaqdadırlar. Ancaq bu gün onların real gücü yoxdur. Ona görə də sabahkı görüşdən də çox şey asılıdır. Paşinyan bu gün həm Qərbdən, həm də Rusiyadan yararlanmaq istəyir”.

Törə Zeynallı 
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top