“Ölkədə küçə ticarətinin azalması müsbət haldır” — Sanitar normalar gözlənilirmi?

SOSİAL 30 apr 2024, 15:35
 Küçə ticarətinin qarşısının alınması məqsədilə Gəncədə profilaktik tədbirlər görülüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılarla profilaktik söhbətlər aparıblar. Qanunsuz küçə ticarəti ilə məşğul olan və qanunsuz reklam lövhələri yerləşdirən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun protokol tərtib olunub.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, ölkədə küçə ticarətinin azalması müsbət haldır:

“Vaxtilə dəmir yolu vağzalının qarşısından keçmək mümkün olmurdu, tədricən vəziyyət dəyişdi. Ümumiyyətlə ən inkişaf etmiş ölkələrdə belə küçə ticarəti mövcuddur. Müəyyən saata qədər olur, o saatdan sonra yığışdırılır, xüsusi avtomobillərdə və ya çadırlarda satış həyata keçirilir. 

Azərbaycanda küçə ticarətini yerli polis orqanları dəstəkləyir, təəssüf ki. Görünür Gəncədə yuxarı polis orqanları bu məsələdə həssaslıq göstərib. Lakin küçədə ət kəsimi sona çatmaq bilmir, yəqin ki, bir vaxt buna da son qoyulacaq. İnsanlar daha tez və əlçatan yerdən mal almaq istəyirlər. Tələb küçə ticarətini meydana çıxarır. Küçə ticarəti mövcud olsa da gigiyenik qaydalar gözlənilməlidir, buna da bələdiyyələr nəzarət etməlidir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 may 2024, 20:42
Top