Kütləvi məzarlıqlar və itkin düşmüş şəxslərlə bağlı brifinq keçirildi — VİDEO

GÜNDƏM 30 apr 2024, 12:24
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqi keçirilir.

Demokrat.az xəbər verir ki, brifinqdə işğaldan azad edilmiş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlar və itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən meyit qalıqlarının ekshumasiyası və eyniləşdirilməsi prosesləri barədə məlumatlar verilir.

Brifinqdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun və Baş Prokurorluğunun səlahiyyətli nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Xocalının Malıbəyli kəndində ən azı 8 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan qurumların, o cümlədən Baş Prokurorluq, Dövlət Komissiyasının İşçi qrupu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Fövqəladə Hallar Nazirliyi, ANAMA və Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitunun peşəkar mütəxəssis heyəti əraziyə ezam ediliblər.

İlkin araşdırma zamanı məlum olub ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və abadlıq işləri zamanı Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) torpaq səthi üzərində insan qalıqları aşkar olunub.

Keçirilən baxış istintaq hərəkəti zamanı qazıntı işləri aparılarkən ən azı 8 nəfərə (biri azyaşlı olmaqla) aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

Hazırda ərazidə olan insan qalıqlarının tam aşkar edilməsi istiqamətində işlər davam etdirilməklə, sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, onların torpaqda qalma müddətinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertləri və mütəxəssislərin iştirakı ilə baxış davam etdirilir, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.

Xatırladaq ki, Xocalı şəhəri ərazisində qazıntılar zamanı kütləvi məzarlıqda 21 nəfərin, daha sonra isə Xocalı rayonunun Malıbəyli kəndində 8 nəfərin qalıqları aşkar olunub. Ümumilikdə isə bu günə qədər Xocalıda qalıqları tapılan 29 nəfərdən 9 nəfərin kimliyi müəyyən edilmişdi.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 may 2024, 12:22
Top