"Oğlum mənə zəng vuraraq anası Şahnazın yaşadığı evdə başqa kişinin olduğunu bildirdi" — TƏFƏRRÜAT

KRİMİNAL 18 apr 2024, 19:58
Bakının Xəzər rayonunda 1975-ci il təvəllüdlü Cabbar şəxsi münasibətlər zəminində yaranan münaqişə zəminində keçmiş həyat yoldaşı Şahnaza (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Mərdəkan qəsəbəsində baş verib. Cabbar keçmiş həyat yoldaşı Şahnazla yaşadığı evdə aralarında baş vermiş mübahisə zəminində yumruqla onun baş və boyun nahiyəsindən qəsdən bir dəfə, sonra isə əli ilə saçlarından tutaraq baş nahiyəsini bir neçə dəfə qəsdən döşəməyə vurub. 

Hadisəni törədən Cabbarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cabbar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Şahnaz onun keçmiş həyat yoldaşıdır: “Təxminən 2 il müddətdir ki, biz rəsmi qaydada boşanmışıq. Hadisə günü, saat təxminən 20 radələrində azyaşlı oğlum mənə zəng vuraraq anası Şahnazın yaşadığı evdə başqa kişinin olduğunu bildirdi. Mən dərhal ora getdim. İçəri daxil olduqda Şahnaz ilə aramızda mübahisə baş verdi. Bundan əsəbləşərək yumruqla Şahnazın baş və boyun nahiyəsindən bir neçə dəfə vuraraq ona xəsarət yetirdim. Sonra isə saçlarından tutaraq yerə yıxaraq xəsarət yetirdim”. 

İş üzrə zərərçəkmiş Şahnazın sözlərinə görə, hadisə günü, saat təxminən 20 radələrində yaşadığı evdə olan zaman Cabbar onun yaşadığı evə daxil olduğunu görüb: “Həmin vaxt yaşadığım evdə qohumum Vüsal ilə söhbət etdiyimi bildirdim. Cabbar evə daxil olan kimi ünvanıma nalayiq söyüşlər söyərək təhqir etdi. Bu vaxt aramızda mübahisə düşdü. Cabbar yumruqla baş və boyun nahiyəmdən qəsdən bir dəfə, sonra isə əli ilə saçımdan tutaraq baş nahiyəmi döşəməyə bir neçə dəfə vurdu. Mən dərhal döyülərək xəsarət almam barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim”. 

Zərərçəkmiş qeyd edib ki, Cabbar onu qohumu Vüsalın evdə olmasını bəhanə gətirərək aralarında baş vermiş mübahisə zəminində yumruqla onun baş və boyun nahiyəsindən qəsdən bir dəfə, sonra isə əli ilə saçlarından tutaraq baş nahiyəsini döşəmǝyǝ vuraraq xəsarət yetirib.

İş üzrə şahid qismində ifadə verən Vüsalın sözlərinə görə, santexnik ustası olaraq fərdi evlərdə usta işləyir: “Hadisə günü, saat təxminən 20 radələrində Şahnaz mənə məxus olan mobil telefona zəng vuraraq yaşadığı Mərdəkan qəsəbəsində yerləşən evin mətbəxtindən su axdığını və onu təmir etmək lazım olduğunu bildirdi. Mən də həmin vaxt Şahnazın evinə getdim. Saat təxminən 20 ardələrində Şahnazın evində işləyən zaman sonun keçmiş həyat yoldaşı Cabbar içəri daxil olduğunu gördüm. Həmin vaxt aramızda mübahisə düşdü. Şahnazın yumruqla baş nahiyəsindən qəsdən vuraraq ona xəsarət yetirdi. Sonra isə əli ilə saçından tutaraq baş nahiyəsini döşəməyə vurdu. Mən dərhal onları ayırdım. Cabbarı sakitləşdirərək evdən çölə çıxartdım”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Cabbarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top