Kanadanın Ermənistandakı müşahidə missiyasına qoşulması ABŞ-nin istəyidir — Politoloq

GÜNDƏM 16 apr 2024, 19:49
Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) müşahidə missiyasının sıralarına Kanadanın nümayəndəsi də qoşulub. Məlumatı Aİ-nin müşahidə missiyası “X” sosial şəbəkəsində yayıb. Beləliklə, Kanada Aİ-nin Ermənistandakı mülki missiyasına qoşulan ilk Avropa Birliyi üzvü olmayan ölkədir. Xatırladaq ki, Aİ-nin missiyası 2023-cü il fevralın 20-dən 2 il müddətinə Ermənistanda yerləşib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyası 209 nəfərə çatdırılıb. Ermənistan hökuməti son iclasların birində Aİ-nin müşahidəçi statusunu təsdiqləyərək, bunu praktiki olaraq diplomatik statusa bərabərləşdirib.

Məsələ ilə bağlı siyasi şərhçi Asif Nərminalı Demokrat.az-a açıqlama verib. 

O bildirib ki, Kanadanın Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının müşahidə missiyasına qoşulması Amerikanın istəyidir:

“Ümumiyyətlə bir çox ölkə xarici siyasətdə Amerikadan aslıdır. ABŞ-ə Aİ-nin müşahidə missiyasında fəaliyyət göstərmək maraqlıdır. Lakin bunu özü edə bilmir, çünki  balansı qorumağa çalışır. ABŞ bölgədə aktiv işləyərsə Azərbaycanla münasibətlərdə gərginlik yarana bilər. Həm də bu,  Rusiya tərəfindən Amerikanın bölgəyə müdaxiləsi kimi qəbul edilə bilər. ABŞ Kanada vasitəsilə bu prosesə qoşulur. Kanada Aİ-yə üzv olmayan bir ölkədir. Bildiyimiz kimi NATO-ya üzvdür. Kanada müşahidə missiyası adı altında Ermənistana, oradan da bölgəyə daxil olmağa çalışır. Hazırda görünür ki, Aİ ölkələrinə üzv olmayan, NATO-ya üzv olan ölkələr də bu missiyaya qoşula bilir. Burada əsas məqsəd müşahidə missiyası adı altında Qərb qüvvələrinin bölgəyə gətirilməsidir. Mülki missiya adı ilə gətirilən qüvvələri sonradan hərbiləşdirə bilərlər”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top