Deputat: “Qazaxıstanın sülh danışıqları üçün platforma təqdim etməsi maraqlarımıza xidmət edir”

GÜNDƏM 16 apr 2024, 11:13
 Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ermənistana bir günlük rəsmi səfəri çərçivəsində Baş nazir Nikol Paşinyanla müzakirə edilən məsələlər arasında Azərbaycan-Ermənistan normallaşma prosesi də yer aldı. İrəvanla Bakı arasında möhkəm və uzunmüddətli sülhün bərqərar olması Qazaxıstanın maraqlarına cavab verir. Paşinyan isə Ermənistanın Azərbaycanla üç prinsip əsasında sülh müqaviləsi imzalamağa və regionda sabitliyi və sülhü bərqərar etməyə hazır olduğunu deyib. Tokayev-Paşinyan görüşünü və Ermənistan Baş nazirinin açıqlamasını Demokrat.az-a şərh edən Milli Məclisin deputatı Naqif Həmzəyevin sözlərinə görə, səfər maraqlı məqamlarla yadda qaldı:

“Xüsusilə də Qazaxıstan prezidentinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün yeni platforma təklif etməsi müsbət haldır. Qazaxıstan tərəfi məhz Zəngəzur dəhlizi vasitəsilə yükdaşımalarda maraqlı olduğunu bildirib. Bu da Qazaxıstanın Orta Dəhlizin inkişaf etdirilməsi və şaxələndirilməsinə töhfə verməyə hazır olduğunu göstərir. Qazaxıstanın Ermənistanla münasibətləri normallaşdırmağa cəhd etməsi və regionda sülhü dəstəkləməsi gözlənilən idi”.

Deputat Qazaxıstanla Azərbaycan arasında yaxşı münasibətlərin olduğuna diqqət çəkib: 

Qazaxıstanın platforma təqdim etməsi maraqlarımıza xidmət edir. Həmçinin Ermənistan tərəfinin üç prinsip əsasında Azərbaycanla sülh müqaviləsini imzalamağa və regionda sülhü bərqərar etməyə hazır olduğunu deməsi də müəyyən dərəcədə müsbətdir. Qazaxıstan prezidentinin proseslərə müdaxilə etməsi, xüsusilə də Zəngəzur dəhlizinin açılmasında maraqlı olması Ermənistanın müəyyən mənada reallıqları dərk etməsinə yardımçı ola bilər. Ümid edirik ki, Qazaxıstanın cəhdləri nəticəsində Ermənistan məsələlərin qısa zamanda həll edilməli olduğunu anlayacaq. Bunlar sülh danışıqlarına real töhfədir”.

Törə Zeynallı
Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top