52 yaşlı kişi keçmiş arvadını ağacla döydü — TƏFƏRRÜAT

KRİMİNAL 29 mar 2024, 11:17
Şamaxı rayonunda 1972-ci il təvəllüdlü Cəfər şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş arvadı Aytaca (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 4-də, saat 15 radələrində baş verib. Cəfər yaşadıqları evdə keçmiş arvadı Aytacla aralarında yaranmış mübahisə zamanı onun baş nahiyəsindən ağac ilə vuraraq, ona xəsarətlər yetirib. 

Hadisəni törədən Cəfərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəfər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aytac onun keçmiş həyat yoldaşıdır, onların iki övladları var: “2014-cü ildə Atacla münasibətimiz yaxşı olmadığından rəsmi olaraq boşandıq. Lakin bu günə qədər birlikdə yuxarıda eyni evdə yaşamışıq. Son vaxtlar keçmiş həyat yoldaşım ilə söhbət zamanı oğlum Salmanın niyə işləməməsini, getsin iş tapsın evin maddi durumuna köməklik göstərməsini demişəm. Aytac isə oğlunun iş tapa bilmədiyini bildirib. Mən isə bundan əsəbləşərək oğlumun tez bir zamanda iş tapmasını bildirmişəm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Aytacla aralarında mübahisə baş verib: “Əsəblərimi saxlaya bilməyərək mübahisə zəminində əlimdəki balaca ağac parçası ilə arvadımın baş nahiyəsinə bir dəfə vurdum. Sonra isə ağacı yerə atıb evdən çıxdım. Aytac döyülməsi barədə rayon polis şöbəsinə məlumat verib”.

İş üzrə zərərçəkmiş Aytacın sözlərinə görə, Cəfər ilə əvvəllər münasibəti yaxşı olub, sonradan mütəmadi olaraq yersiz mübahisələr və dava-dalaş edib: “2014-cü ildə rəsmi olaraq boşanmışıq. Cəfər ilə rəsmi olaraq boşansaq da, hazırda yaşadığım evdə birlikdə yaşayırıq. Boşanmağımıza baxmayaraq, Cəfər davamlı olaraq yersiz mübahisələr edib və məni evdən çıxarmağa çalışıb. Münasibətimiz yaxşı olmasa da, övladlarımın istəyi ilə rayon polis şöbəsinə müracət etməmişəm. Cəfərin gələcəkdə öz qanunsuz əməllərinə son verəcəyini güman etmişəm”. 

Zərərçəkmiş qeyd edib ki, Cəfər sonuncu dəfə heç bir səbəb olmadan onun evi tərk etməsini tələb edib: “Cavab olaraq Cəfərə yaşamağa evim olmadığını, evdən çıxmayacağımı bildirdim. Hadisə günü təkrar-təkrar evdən çıxmağımı tələb etdi. Saat 15 radələrində yemək hazırlayaraq, Cəfəri süfrəyə dəvət etdim. Cəfər yemək istəmədiyini, evdən çıxıb getməyimi dedi. Təkrar getməyə yerim olmadığını bildirdim. Bundan sonra aramızda mübahisə yarandı. Mübahisə zamanı Cəfər əlində olan ağac ilə baş nahiyəmdən vurdu. Mən qışqıraraq başımdan qan gəldiyini gördüm, qaçmağa başladım. Həmin gün Şamaxı rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə buraxıldım”. 

Bu cinayət işinə Şamaxı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəfər aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top