Xəzərdə kruiz səfərləri təşkil olunacaq — AÇIQLAMA

SOSİAL 19 mar 2024, 15:57
Dövlət Statistika Komitəsinin məlumatına görə bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 36 % artaraq 296,5 min nəfər olub. Vətəndaşların 37,9 %-i Türkiyəyə, 21,9 %-i Rusiya Federasiyasına, 9,7 %-i Gürcüstana, 8,5 %-i İrana, 22 %-idigər ölkələrə səfər edib. Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,7 %-i hava, 30,0 %-i dəmir yolu və avtomobil, 2,3 %-i isə dəniz nəqliyyatından istifadə edib

Nəqliyyat eksperti Rauf Ağamirzəyev dəniz nəqliyyatını inkişaf etdirmək üçün mövcud imkanlardan danışıb. O, Demokrat.az-a açıqlamasında deyib ki, Xəzər dənizində kruiz səfərlərinin təşkili nəzərdə tutulub:

“Bu məqsədlə Rusiya tərəfi gəmi istehsal edib. Qara dəniz limanlarından Volqa-Don vasitəsilə Xəzər dənizində bu səfərlərin təşkili planlaşdırılırdı, lakin 2022-ci ildə müharibə başlayandan sonra bu marşrut çox güman Xəzər dənizi ilə kifayətlənəcək. Həştərxan-Mahaçqala-Bakı-Ənzəli-Türkmənbaşı-Aktau liman şəhərlərində gəzintiləri əhatə edir sözügedən plan və bu il reallaşdırıla bilər. 2008-ci ildə Rusiya istehsalı olan köhnə teploxodlarla Bakı və Lənkəran arasında dəniz marşrutu açmaq hədəflənmişdi. "Roketa" "Metior" tipli gəmisi həmin il 7-9 saata Lənkərana çatmışdı, lakin sahildə balıqçı torlarına girmişdi. Buna görə də reyslər davam etdirilmədi”. 



Ekspert qeyd edib ki, son illərdə Xəzər dənizi geri çəkilir, Kür çayının da suyu  azalıb, bu da çay və dəniz nəqliyyatı ilə sərnişindaşımanı arxa  plana atıb: 

“Keçən il Bakı Bulvarı ərazisindəki “Mirvari” gəmisi elan etdi ki, hərəkəti dayandırır. Səbəb də bu idi ki, Xəzərin suyu geri çəkilib. Məlumdur ki, tarixən bulvar ərazisində liman fəaliyyət göstərib və müəyyən sahələrdə gəmilərin hərəkəti üçün həmin hissə dərinləşdirilib və mayaklar qurulub. Əgər su geri çəkilibsə, hərəkət problemlidirsə və dərinləşdirmə işi bahadırsa, Dəniz Limanı və ya “Yaxt Klub” ərazisində bunu icra etmək olar. Çünki Dəniz Limanından “Neft Daşları”na “Müslüm Maqomayev” gəmisi gündəlik hərəkət edir”.

R.Ağamirzəyev onu da bildirib ki,  dəniz nəqliyyatı sərnişindaşıma baxımından dayanıqlı deyil:

“Çünki hava şəraiti burada rol oynayır, belə olan halda yetərsay olmur və bu amil səfər qiymətlərinə təsir edir. Daha çox yay ayları üçün uyğundur gəmi səfərləri. Bakıda küləkli günlərin çox olduğunu nəzərə alsaq, sırf sərnişin daşımaq üçün dəniz nəqliyyatının effektiv olduğunu düşünmürəm. Turistik məqsədlə dəniz səfərləri təşkil etmək olar, lakin bu, mövsümi xarakter daşıyacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top