“Dondarlı dağıdılmış xatirələrimin, alt-üst olmuş dünyamın tablosudur” — FOTOLAR

QARABAĞ 19 mar 2024, 14:21
“İlaxır çərşənbəsində sizi Dondarlıdan salamlayıram. O Dondarlıdan ki, burada təkəm. Yanımda heç kim yoxdur. Özüm belə istədim. Axı demişdim, Dondarlımla baş-başa qalacam. Sizcə, insan övladı viran qalmış yurdunda neçə saat tək qala bilər ki?! Məncə, azı iki-üç saat. Amma mən çox qaldım. İndi də burdayam. Buraxmır məni. Deyir getmə. 30 ildir mənsiz qalmısan, indi də ömrünü mənimlə başa vur. Bilmirəm, nə cavab verim. Amma kəndimlə baş-başa qalandan sonra bir çox mətləblər agah oldu mənə”.

Bu sözləri axırıncı çərşənbəni işğaldan azad olunmuş Qubadlı rayonunun Dondarlı kəndində qarşılayan Konkret.az saytının baş redaktoru Fadil Paşayev özünün “Facebook” hesabında yazıb.



Doğma kəndinin ziyarətinə gedən baş redaktor daha sonra bunları yazıb:

“Dondarlı, sən demə, başqa qalaktika imiş. Mən məhz kainatın bu gözəl, məsum məkanından yer üzünə endirilmişəm. Dondarlı bu baxımdan əziz imiş mənə. Elə ona görə də məndən soruşanda ki, axı niyə belə sevirsən, Məkkəyə oxşadırsan Dondarlını. Çünki Dondarlı mənim adımdır, ülvi hisslərimin ünvanıdır, yer üzündən kənar bildiyim huzur yerimdir. Keçən yazımda da vurğulamışdım. Bu kənd mənim qibləgahımdır. Ona görə ziyarətə gəlmişəm qibləgahımı. Heç kəs yoxdur deyə, ilk baxışdan səssizlik hökm sürür buralarda. Amma əslində belə deyil. Burada hər şey danışır. Qulaqlarım eşidir, gözüm görür, nəfəsim duyur. Anlayıram ki, Dondarlı həm də mənim dağıdılmış xatirələrimin, vaxtilə alt-üst olmuş dünyamın tablosuymuş. Qarşısında durduğum baba ocağım həsrətimin rəsmidir. Bilirsiniz, mən Allaha inandığım üçün Aləmlərin Rəbbinin o dünyasına da inanıram. Cənnətə də, cəhənnəmə də. Mənə elə gəlir ki, Dondarlı mənim cənnətimdir. Adəm cənnətdən qovulduğu üçün yer üzünə göndərilir. Amansız tale də öz bizi cənnırimizdən qovdu. Zavallı, alçaq yağı obamızı talan etdi, öz şeytan xisləti ilə bizi 30 il yurdumuza həsrət qoydu. Şükür Allaha ki, Şəhidlərimizin qanı ilə İlahi qayıdışımız təmin edildi. Elə ona görədir ki, bu qan bizim üçün müqəddəsdir, qazilərimiz bizim üçün dini üləmalar kimi əzizdir”.



Fadil Paşayev Dondarlıya gəlməyin heç də asan olmadığını qeyd edib:

“İki gün yağan yağış yolları təhlükəli etdi. Kəndimizdə piyada gəzmək çox çətinləşib. Maşın əsas yoldan kəndə daxil ola bilmir. Kəndimizi əhatəsinə alan dağların başını duman, çən alıb. Narın yağış yağır. Dondarlının səsinə qoşulub cazibədar dünyamın sehirli səslərini yaradır. Dedim axı, hələ burdayam. Bu gün elə kəndimizdə qalacağam. Kimin nə sözü olsa, şərhə yaza bilər. Xüsusən, doğma Dondarlı camaatı. Allah sizə ömrünüzün qalan hissəsini bu planetdə yaşamağı nəsib eləsin. İlaxır çərşənbəniz mübarək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top