“İmkanlı şəxslər belə məsələlərdə cəmiyyətə örnək olmalıdırlar” — Sosioloq yaslardakı israfçılıqdan DANIŞDI

GÜNDƏM 18 mar 2024, 19:36
Ölkədə yas mərasimlərində yemək verilməsi ənənəsi tədricən aradan qalxır. Ölkə.az-ın məlumatına görə, Şəki rayonunun Şirinbulaq kənd camaatının ümumi qərarı ilə bundan sonra yas mərasimlərində yemək verilməyəcək. Sosial şəbəkə istifadəçiləri Şəkinin Böyük Dəhnə, Kiçik Dəhnə və Oxud kəndlərində də artıq yaslarda yemək verilmədiyini bildiriblər. Bir neçə ildir Şəkinin Orta Zəyzid kəndində bu qayda tətbiq olunur. 

Sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlamasında deyib ki, zamanla təmtəraqlı yas mərasimlərinə son verilməsi müsbət haldır:



“Son illərdə israfçılığa səbəb olan toy və yas mərasimlərinin keçirilməsi ictimai qınağa səbəb olub. Hesab edirəm ki, adıçəkilən kəndlərdə yas mərasimlərində dəyişiklik edilməsi insanları düşündürəcək. Bəzi insanlar sanki belə məqamlarda digərləri ilə yarış edirlər, bəlkə heç sağlığında itirdiyi yaxınına layiqli qiyməti verməyib, sevgi göstərməyib, amma ölümündən sonra onun üçün təmtəraqlı yas məclisi qurur. 

Yaxşı olar ki, imkanlı şəxslər, iş adamları belə məsələlərdə cəmiyyətə örnək olsunlar. Məclislərini daha sadə, israfa yol vermədən təşkil etsinlər, təvazökar olsunlar. Belə məsələlərdə dövlət tənzimləməsi mümkün deyil, ictimai tənzimləmə lazımdır, cəmiyyət daxilində müsbət örnəklər olmalıdır”.

Ekspert qeyd edib ki, məclislər həm də əhalinin həssas qruplarına kömək xarakteri daşıya bilər:

“Məclislərdəki təamlardan şəhid ailələrinə, kimsəsiz uşaqlara, qocalara pay ayrıla bilər. Yaxşı olar ki, ölkəmizdə bu cür ənənələr formalaşsın. İnsanlar paylaşmağı bacarmalıdır. Nəinki toy və ya yas zamanı borc edib, kredit götürüb lazımsız xərclərə, israfa yol vermək”.

Xatırladaq ki, daha əvvəl də Naxçıvanın Mahmudkənd və Culfa rayonunun Camaldın kəndinin sakinləri yas mərasimlərində yemək verilməsini dayandırmışdılar.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top