Osman Gündüz: “Startap mühitinin inkişafına yönəlik addımlar atılmalıdır”

İKT 11 mar 2024, 19:15
Xəbər verdiyimiz kimi bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransı keçirilib. Agentliyin sədri İnarə Vəliyeva qeyd edib ki,  əsas missiya rəqəmsal idarəetmə və innovasiya ekosistemi sahəsində Azərbaycanı regionda liderə çevirməkdir: "Rəqəmsal idarəetmə və innovasiya ekosistemi sahəsində irəli getmək üçün insan kapitalının inkişafı çox önəmlidir. Prezident İlham Əliyev bunu inaqurasiya mərasimində çıxışında da xüsusi qeyd edib. Ölkə başçısı həm də kibertəhlükəsizlik və süni intellektin bu sahədə tətbiqini xüsusi vurğuladı", - deyə İ.Vəliyeva əlavə edib.

Demokrat.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüzün fikrincə cəmiyyətin maraq dairəsində olan və innovasiya və rəqəmsallaşmaya cavabdeh bir dövlət qurumun bu cür hesabatlılıq və şəffaflıq istiqamətindəki addımları təqdirəlayiqdir:

“Ötən dövrdə qurum tərəfindən müəyyən işlər görülüb, xüsusi ilə də kadr hazırlığı və kibertəhlükəsizlik sahəsində. Əvvəlki dövrlərə nisbətən sektorda dinamika var. Bununla belə, fikrimcə, RİNN sahəsində hələlik "zəif bənd"  bu sektordur”.

O.Gündüz bildirib ki, xüsusən də rəqəmsallaşma və rəqəmsal hökumət quruculuğu sahəsində atılacaq mühüm addımlar var:

“Agentliyin hesabatında bu sektorun inkişafı ilə bağlı mövcud durumun təhlili, dünyadakı və regiondakı vəziyyət, müqayisələr və təhlillər, vəziyyətə uyğun atılacaq təcili addımlarla bağlı mesajlara rast gəlmədim. Yenə də ənənəvi yanaşmalar  daha çox özünü göstərirdi. Düşünürəm ki, Prezident yanında, yaxud, Prezident Administrasiyasında rəqəmsal hökumət quruculuğu ilə bağlı strukturlar formalaşdırılmalıdır. Rəqəmsal sektora cavabdeh nazir müavinləri səviyyəsində əlaqələndirici qurum yaradılmalıdır. Hüquqi təminatla, inteqrasiya ilə bağlı ciddi inzibati addımlar atılmalıdır. Ləngimələr çoxdur. İndiyədək “myGov”da heç bir məlumatın “rəqəmsal sənəd” statusu almaması sadəcə izahı olmayan bir vəziyyətdir”. 

Ekspert onu da əlavə edib ki, innovasiya və ekosistemlə bağlı səmərəlilik və effektivliyi artırmaq lazımdır: 

“Böyük bir peşəkar komanda var, yetərincə vəsaitlər xərclənir, amma effektivlik yoxdur hələki. Beynəlxalq statistikalar bu sahədə vəziyyətin çox pis olduğunu göstərir. İnvestisiya sahəsi ciddi problem olaraq qalır, cəmi 3 yerli startap İRİA-nın Vençur Fondundan dəstək ala bilib. Ölkədə startap sayı ilə , ekosistemlə bağlı ASAN və onun əməkdaşlıq etdiyi beynəlxalq qurum bir şey deyir, İRİA bir şey deyir, real vəziyyət isə tam fərqlidir”. 

AİF sədri hesab edir ki, İRİA startap mühitinin ilkin inkişafına yönəlik addımlara  üstünlük verməlidir:

“Fikrimcə, İRİA maraqlı tərəflərlə əməkdaşlığı gücləndirməlidir. Dünyada bəlkə də yeganə Texnopark bizdədir ki, bununla bağlı qərarları İRİA qanunvericilikdə nəzərdə tutulduğu qaydada Ekspert Komissiyası yaradılmadan təkbaşına qəbul edir. Elə vergi güzəştlərinin tətbiqi ilə bağlı qüsurlu və səhv  siyasətin də əsas səbəblərindən birini burada axtarmaq lazımdır. “Technest”lə bağlı da daha səmərəli qərarların qəbulu üçün bir ekspert-məşvərət komissiyasının qurulması faydalı olardı”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top