Azərbaycan islamofobiya ilə mübarizədə əzmkarlıq göstərir

GÜNDƏM 09 mart 2024, 18:45
İslamofobiya ilə mübarizə islam həmrəyliyini gücləndirir. 27-28 noyabr 2020-ci ildə İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərində keçirilən toplantısında 15 mart tarixi "İslamofobiya ilə Mübarizə Günü" elan olunub. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə martın 15-ni "İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü" qəbul edib.

Azərbaycan islamofobiya ilə mübarizə aparan əsas ölkələrdəndir. Ölkəmiz dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm mühiti ilə seçilir. Artıq ikinci ildir ki, Bakı İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan konfransa ev sahibliyi edir. Martın 8-9-da "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə baş tutdu. Konfransda dünyanın 30 ölkəsindən 130-a qədər alim, beynəlxalq ekspertlər, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdi. Konfransda tolerantlıq, sülh, insan hüquqları və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış, multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi, rəqəmsal islamofobiya, ali təhsil kontekstində islamafobiya ilə mübarizə, Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqlər mövzuları ətrafında çıxışlar dinlənildi, müzakirələr oldu. Həmçinin Fransada müsəlmanlara qarşı siyasət, islamofobiyanın normallaşdırılması, qeyri-müsəlman ölkələrində islam mədəni və dini irsinin qəsdən məhv edilməsi və təhqir edilməsi aktları da müzakirə edilən mövzular arasında yer aldı.   



Konfrans iştirakçılarına müraciət edən Prezident İlham Əliyev qeyd etdi ki, bu tədbir Azərbaycanın müasir dövrün çağırışlarından olan islamofobiya ilə mübarizə əzmini nümayiş etdirir. Ölkə başçısı Azərbaycanın da islamofobiyadan əziyyət çəkən ölkələrdən olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv olunmasıdır: “Bundan əlavə, bu ərazilərdə yüzlərlə müsəlman qəbiristanlığının məhv edildiyi, müsəlman dini ibadət yerlərinin, məscid və türbələrimizin təyinatının dəyişdirilərək saxtalaşdırıldığı, bir çox hallarda isə tövlə kimi istifadə olunaraq orada dinimizdə haram sayılan heyvanların saxlanıldığı faktları aşkar edilir. Bu cür həqarət aktları yalnız bizim deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir edir”. XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır deyən Prezident terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirməyin yanlış yanaşma olduğunu vurğuladı: “Dindən siyasi məqsədlər üçün istifadə yalnız cəmiyyətlər daxilində nifaq və qarşıdurma yaratmağa xidmət edir. Bu təzahürlər, eyni zamanda, insanlığı humanizm ideallarından və ümumbəşəri dəyərlərdən məhrum edir, nəticədə sivilizasiyalararası münaqişələrə gətirib çıxarır”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü deputat Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirdi ki, konfransdakı çıxışlar və səsləndirilən fikirlər islamofobiyanın böyük təhlükəyə çevrildiyini göstərir:


“Bu gün islamofobiyaya ən çox məruz qalan ölkələrdən biri də Azərbaycandır. Bunu Qarabağda dağıdılan abidələrimizdə görürük. 67 məscidin 65-i tamamilə, 2-si isə qismən dağıdılıb. Azərbaycana məxsus dini və tarixi abidələr məhv edilib. Eyni zamanda bu gün Fransanın, AŞPA-nın, Avropa İttifaqının Azərbaycana münasibətində də bu özünü açıq-aydın göstərir. Azərbaycan müsəlman ölkəsi olduğu, islam dəyərlərinə sadiq ölkə olduğu üçün bir sıra dövlətlər və Avropa qurumları tərəfindən təzyiqlərə məruz qalır, ikili standartlarla üzləşir, Fransa senatında, Avropa Parlamentində Azərbaycana qarşı qətnamələr qəbul edilir. Cənab Prezidentin konfrans iştirakçılarına müraciətində mühüm mesajlar yer aldı. Bu, bir daha göstərir ki, Azərbaycan islamofobiya ilə mübarizədə uğurlu yol seçib.

Konfransda iştirak edən əksər dövlətlərin nümayəndələrinin fikirləri də önəmli idi. Çıxış edənlər Fransanın ölkəmizə və bütövlükdə islam dünyasına qarşı apardığı qərəzli siyasəti pislədilər”.    

İslamofobiya ilə mübarizədə Azərbaycanın irəli sürdüyü təşəbbüsləri müsbət qiymətləndirən Orta Doğu Araşdırma Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan isə sayta açıqlamasında qeyd edib ki, Azərbaycan islamofobiyaya məruz qalmış ölkələrdəndir:


“Ermənilər xristian təəssübkeşliyi ilə və xristianlıqdan istifadə edərək Azərbaycana təzyiqlər göstərməyə davam edirlər. Ermənistan kimi ölkələr üçün din fərqi yoxdur, həm xristianlığı, həm də islamı əllərində alət edir və müxtəlif din mənsublarını, cəmiyyətləri bir-birinə qarşı qoyur. Azərbaycanın islamofobiya ilə mübarizədə həyəcan təbili çalması təqdirəlayiq haldır. Bununla Azərbaycan bütün dünyaya göstərməyə çalışır ki, insanları bir-birinə qarşı qoymaq olmaz, bütün təkallahlı dinlərdə Allah, Tanrı, Rəbb insanlara sevgi aşılayır. İnsanlar bir-birini sevməlidir, amma dünya gücləri, Qərb, eləcə də Hindistan kimi bəzi Asiya ölkələri islamofobiyanı yaymaqla dünyada çaxnaşma yaradır, düşmənlik toxumu səpir. Azərbaycan insanlığa yaraşmayan bu yaramaz hərəkətlərə qarşı çıxır. Qurani-Kərimdə qeyd olunur ki, biz sizi müxtəlif millətlərdən və qövmlərdən yaratdıq ki, bir-birinizi tanıyasınız. Dünya xalqları bir-biri ilə mehriban olmalı, bir-birinin mədəniyyətini öyrənməlidir. Amma islamofobiya təzahürləri və dinlərdən öz çirkin niyyətləri üçün istifadə edən qüvvələr xalqlar arasında nifrət toxumu səpməyə davam edir. Azərbaycan bu qüvvələrə qarşı mübarizə aparır”.

Törə Zeynallı
Demokrat.az 

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top