Çoxmənzilli binalardakı qeyri-yaşayış təyinatlı obyektlərdə qaydalara riayət olunurmu?

SOSİAL 27 fev 2024, 15:30
Bəzi yaşayış binalarının birinci mərtəbəsində və ya zirzəmisində qeyri-yaşayış təyinatlı obyektlər tikilir. Maraqlıdır, binaların daxilində belə obyektlərin istifadəyə verilməsi qanunvericiliyə uyğundurmu? Bu cür obyektlərdə təhlükəsizlik qaydalarına nə dərəcədə riayət edilir? Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, çoxmənzilli binalar iki formada tikilir – birinci mərtəbədən sonuncu mərtəbəyə qədər yaşayış təyinatlı və aşağı mərtəbələri qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuş binalar. O, Demokrat.az-a açıqlamasında deyib ki, tikinti başlayarkən binanın layihəsində bu məqamlar göstərilir: 

“Binanın layihəsində təhlükəsizlik qaydaları, binanın dözümlülüyü, havalandırma sistemi və digər məsələlər öz əksini tapır. Köhnə beş mərtəbəli yaşayış binalarında qeyri-yaşayış təyinatlı obyektlər var, bəzi binalarda isə sonradan mənzili söküb obyektə çeviriblər. Bu zaman ara divarlar sökülür, artırmalar edilir, zirzəmi qazılıb bünövrədən də aşağı keçilir, konstruksiya dəyişikliyi edilir, qapı və pəncərələr açılır, bütün bunlar da binanın dayanıqlığını təhlükə altına alır. Xüsusən də istismar müddəti bitmiş binalara əlavə müdaxilələr edilməsi onu daha da qəzalı vəziyyətə gətirib çıxarır. Binalarda obyektlər istifadəyə verildikdə əlavə qaz xətti çəkilir, yeni mətbəx tikilir, havalandırma sistemi isə bəzən düzgün qurulmur. Bu da gələcəkdə müxtəlif təhlükələrə yol açır”. 

Ekspert qeyd edib ki, bəzən yaşayış binasının altındakı qeyri-yaşayış obyektində baş verən yanğın, partlayış mənzillərə də zərər verir: 

“Bütün binalarda yanğından mühafizə sistemi düzgün qurulmalıdır. Bina tikilərkən orada qeyri-yaşayış sahəsinin olacağı nəzərə alınmalıdır və tikilib qurtardıqdan sonra Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət  Xidməti layihə üzrə yoxlama aparıb binanı qeydiyyata almalıdır. Hər bir şey standartlara uyğun olarsa, yanğın baş verdiyi zaman anında yeni texnologiyaların vasitəsilə içəridə öz-özünə söndürülə bilər, siqnalizasiya xətləri olur və ya havalandırma sistemi işlək olanda tüstüdən insanlar boğulmasının qarşısı alınır. Amma köhnə binalara edilən əlavələr nəticəsində hansısa qəza hadisəsi baş verəndə orada tələfat və zərər daha böyük olur, nəinki əvvəlcədən qeyri-yaşayış obyekti kimi nəzərdə tutulmuş tikililərdə”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top